"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalması söz və ifadə azadlığına qarşı törədilmiş cinayət aktıdır, vandalizm hərəkətidir. Akreditasiyadan keçərək qanuni fəaliyyətlə məşğul olan Azərbaycan jurnalistləri öz peşə borclarını yerinə yetirərkən yüngül bədən xəsarətləri alıblar, kameraları əllərindən alınıb. Onlar silahla hədələniblər. Təəssüf ki, Fransa polisi hələ də günahkarları aşkarlamayıb və hadisə ilə bağlı heç bir hüquqi ölçü götürməyib.
Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev Fransada AzTV əməkdaşlarının hücuma məruz qalmasını şərh edərkən bildirib.
Ramiz Alıyev deyib ki, özünü dünyada demokratiyanın, insan haqlarının əsas carçılarından, mərkəzlərindən sayan Fransada son illər söz və ifadə azadlığı, media hüquqları və insan haqlarına qarşı təhdid və təzyiqlər kütləvi hal alıb: “Jurnalistlərin informasiya əldə etmək hüquqları məhdudlaşdırılır, onlara qarşı cinayət törədən şəxslər məsuliyyətə cəlb olunmurlar. Rəsmi Paris bu ölkədə akkreditasiyadan keçmiş jurnalistlərin hüquq və vəzifələrini sərbəst həyata keçirmək üçün onların təhlükəsizliyini təmin etməyə borcludur. Hər bir dövlət media azadlığının təmin edilməsi üçün üzərinə beynəlxalq hüquqla müəyyənləşən öhdəliklər götürüb. Söz və mətbuat azadlığının qorunması ilə bağlı başqa ölkələrə təzyiqlər göstərən, onlara qarşı tələblər irəli sürən Fransanın özündə oxşar sahədə durumun daha acınacaqlı olduğu üzə çıxır. Təəssüflər olsun ki, "Freedom House", ATƏT-in media azadlığı üzrə nümayəndəliyi, "Sərhədsiz reportyorlar" kimi media qurumları əsas diqqətlərini zəif inkişaf edən və ya inkişaf etməkdə olan ölkələrə yönəldirlər. Avropada media sahəsində baş verən neqativ halları görməməzlikdən gəlirlər. Nə üçün onlar Fransada Azərbaycan jurnalistlərinə qarşı törədilən cinayətə etiraz etmirlər, bəyanatlar vermirlər? Fransada islamafobiya, antitürkçülük, irqçi siyasətin ifrat həddə çatdığı bir dönəmdə jurnalistlərə qarşı vandalizm aktının törədilməsi müəyyən suallar, şübhələr doğurur. Fransanın Azərbaycana qarşı daim qərəzli mövqe sərgilədiyini və ermənilərə tam dəstək verdiklərini də nəzərə alsaq, azərbaycanlı jurnalistlərə qarşı atılmış addımın müəyyən mərkəzlər tərəfindən təşkil edildiyini düşünməyə imkan verir. Müxbir və operatora bədən xəsarətlərinin yetirilməsi, çəkiliş kamerasının sındırılması, daha sonra onların silahla hədələnməsi Fransa hökumətini ciddi narahat etməli idi. Amma biz bunun əksini görürük”.
Politoloq hesab edir ki, hər bir Azərbaycan vətəndaşı, qeyri-hökumət təşkilatları, media qurumları bu məsələdə ortaya mövqe qoymalı, hadisəni pisləməli, Fransa hökumətindən günahkarların tapılaraq məsuliyyətə cəlb olunmasını və dəymiş ziyanın aradan qaldırılmasını tələb etməlidir: “Bu əməli törədənlər Azərbaycan mətbuatından, jurnalistlərdən üzr istəməlidirlər. Əks təqdirdə biz haqlı olaraq düşünəcəyik ki, Azərbaycan jurnalistlərinə hücumun arxasında Fransa hökumət dairələri dayanır. Rəsmi Paris sübut etməlidir ki, AzTV-nin jurnalistlərinə hücumun arxasında Fransa hakimiyyəti dayanmır”.