Bank Of Baku

Qvianalı deputat: Müstəmləkəçi Fransa öz müqəddəratımızı təyin etmək istəyimizə rədd cavabı verir

Qvianalı deputat: Müstəmləkəçi Fransa öz müqəddəratımızı təyin etmək istəyimizə rədd cavabı verir
# 06 iyul 2023 11:34 (UTC +04:00)

Fransanın davam etdirdiyi kolonialist siyasəti nəticəsində bu gün Qvianada sosial, iqtisadi və digər sektorlarda dramatik vəziyyət yaranıb.

APA xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Fransa Milli Assambleyasının Fransız Qvianasından olan deputatı Jan-Viktor Kastor deyib.

O, Fransanın qvianalıları öz təbii sərvətlərindən istifadə etməyə icazə vermədiyini, əhalini yoxsullaşdırmağa çalışdığını qeyd edib: “Bu gün müstəmləkəçiliyin nəticəsi olaraq istər sosial, istərsə də digər sektorlarda dramatik bir vəziyyət var. Fransa müstəmləkəçiliyinin əsas niyyəti əhalini yoxsul vəziyyətə salmaqdır. Biz öz məhsullarımızı, təbii sərvətlərimizi özümüz istismar edə bilmirik. Məsələn, balıqçılıq, neft-qaz sektorumuz çox inkişaf edib. Təəssüf ki, Fransa bizim öz resurslarımızdan istifadə etməyimizə mane olur. Beynəlxalq hüquq müstəvisində Fransa bizi hər tərəfdən - istər mədəni, istər iqtisadi, istər sosial sahələrdə sıxışdırır, məsələn, bizə öz tariximiz və coğrafiyamız deyil, Fransanın tarix və coğrafiyası öyrədilir”.

Jan-Viktor Kastor qeyd edib ki, qvianalılar yekdilliklə öz muxtariyyətlərinə səs versələr də, Fransa bunu tanımaqdan imtina edib. Deputat Fransanın qvianalıların öz müqəddəratlarını təyin etmək istəyinə bu gün də rədd cavabı verdiyini vurğulayıb: “Təəssüf ki, ölkəmizdə Fransa qanunları tətbiq edilir, biz öz qanunlarımızı tətbiq edə bilmərik. Biz yekdilliklə muxtariyyət üçün səs vermişik, ancaq bu səsvermənin nəticəsi Fransa tərəfindən rədd edilib. Mən Azərbaycan Prezidenti başda olmaqla Qoşulmama Hərəkatının təşkilatçılarına xüsusi minnətdarlığımı bildirirəm, biz Prezidentin söylədiklərinə qoşuluruq və onların həqiqəti əks etdirdiklərini təsdiqləyirik.

Bir daha vurğulayıram ki, Fransa böyük bir müstəmləkəçi gücdür, təəssüf ki, bizim öz müqəddəratımızı təyin etmək istəyimizə Fransa bu gün də rədd cavabı verir”.

Deputat qeyd edib ki, Fransa 1586-cı ildən Qviananı öz müstəmləkəsinə çevirdikdən sonra bölgədə soyqırımı siyasətinə başlayıb: “Fransa oraya gəldiyi zaman heç kimin olmadığını deyirdi, halbuki orada milyonlarla aborigen yaşayırdı. Yerli əhali hazırda 10 min nəfər təşkil edir. Çünki Fransanın müstəmləkəçiliyi yerlilərin soyqırımı ilə başlayıb. Daha sonra afrikalıları bizim ərazilərimizə köçürməyə başladılar. 2023-cü ilədək Fransa Qviananı hərbi əsarəti altında saxlayır. Biz Qviananı Fransa departamenti olmaqdan çıxarıb de-kolonizanasiya kimi qeydiyyatdan keçirmək istəyirik. Bunu bizim polineziyalı dostlarımız da edir. Biz istəyirik ki, digər ölkələr tərəfindən də dəstək alaq, burada olmağımızın məqsədi də bu dəstəyi genişləndirməkdir”.

O, Fransaya qarşı təzminat iddiaları barədə də danışıb:

“Bu gün biz burada Fransanın törətdiklərinə görə təzminat verməsi barədə danışırıq, amma təsəvvür edin ki, Fransada müstəmləkəçiliyin müsbət elementləri barədə müzakirə gedir. Hökumətin siyasi təmsilçiləri mənfi məqamları da qeyd edir, ancaq eyni zamanda, iddia edirlər ki, müstəmləkəçiliyin yaxşı tərəfləri də varmış, inkişafa, universalizmə təkan veribmiş. Amma biz 500 illik quldarlıqdan, insan alverindən danışırıq. Fransa BMT Nizamnaməsinə də hörmət etmir. Bu ölkə iddia edir ki, guya azadlıq və suverenliyi, insan haqlarını dəstəkləyir, ancaq əməldə bunun tam əksini edir. Fransa bizim azadlığımıza, xilasımıza imkan vermir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR