Azərbaycan və Ermənistan liderlərinin Aİ-nin vasitəçiliyi ilə növbəti görüşləri payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilir.
APA-nın Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
“Mən həmçinin Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə, həmçinin Qranadada növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüşə dəvət etmək niyyətimi təkrarladım”, - o qeyd edib.
***
Saat 20:41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş üçtərəfli görüşündə 6 istiqamət üzrə müzakirələr aparılıb.
APA-nın Brüsselə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Şarl Mişel keçirdiyi mətbuat konfransında bildirib.
O, tərəflərin suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, əlaqələr, humanitar tədarük, hüquq-təhlükəsizlik və nəhayət saxlanılanlarla bağlı müzakirə apardığını qeyd edib.
Şarl Mişel əlavə edib ki, görüşdə liderlərin komandalarının yaxın təmasda qalması razılaşdırılıb.
O, tərəfləri sülh və normallaşma naminə kəskin ritorikadan çəkinməyə çağırıb.
Şarl Mişel Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünün planlaşdırıldığını qeyd edib.
Ramiz Mikayıloğlu
Səid Babazadə