Vişeqrad qrupu ölkələrinin Azərbaycanla əməkdaşlıq üçün ortaq nöqtəsi, maraqları var.
APA xəbər verir ki, bunu Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Rusiyanın Ukraynada başladığı müharibə dünyanın bütün nöqtələrində müxtəlif böhranlara səbəb olub, bu, ərzaq böhranını, enerji böhranını, inflyasiyanı tətikləyib.
Layçakın sözlərinə görə, enerji böhranı Avropada özünü göstərib: “Belə olan halda Avropa İttifaqı alternativ mənbələr, təchizatçılar axtarmağa başladı, ona görə də Azərbaycan bu sahədə vacib rol oynayır. Çünki Azərbaycan vacib qaz təchizatçısı olan ölkədir və bu ölkə Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu göstərib. Azərbaycandan Avropaya ötürülən qazın həcmi kifayət deyil. Təbii qaz bizim istədiyimiz, tələbatımız olan həcmdə deyil, çünki bunun üçün müvafiq infrastruktur yoxdur. Hazırda tərəfdaşlarla, maraqlı tərəflər müzakirələr aparılır ki, Azərbaycandan qazın həcmi necə artırıla bilər. Biz bu sahədə Azərbaycanla sıx strateji əməkdaşlıq edirik və təbii ki, əməkdaşlığımız yalnız enerji və qazla məhdudlaşmır. Cənubi Qafqaz regionu da, Vişeqrad ölkələri də qlobal böhranlardan təsirlənib”.
Səfir deyib ki, mövcud çağırışlar və çətinliklərin öhdəsindən gəlmək üçün əməkdaşlıq vacibdir.