"Türk xalqlarının min illərə dayanan münasibətləri var”.
Bunu APA-ya açıqlaması Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev bildirib. Onun sözlərinə görə, bu münasibətlər qardaşlığa, dilə, mədəniyyətə, dinə əsaslanır:
“Biz dünyada ən yaxın xalqlardanıq. Son 100 ildə, daha doğrusu Sovetlər dönəmində bu yaxınlıq yox olmuşdu. Ancaq müstəqilliyimizi qazandıqdan sonra türk dövlətləri, türk xalqları bir-birinə yaxınlaşıb. Xatırladığınız kimi, biz, 2009-cu ildə Naxçıvanda Türk Şurasının yaradılması ilə bağlı saziş imzaladıq. İstanbul zirvəsində isə təşkilatımızın adı dəyişdi və Türk Dövlətləri Təşkilatı oldu. Təşkilat çərçivəsində qurucu ölkələr arasında mədəniyyət, tarix, siyasi sahələrdə heç bir fərqli yanaşma, məsələ yoxdur, ortaq yanaşmalar, istiqamət mövcududr. Yeganə məsələ iqtisadi sahə ilə bağlıdır. Bu gün ən vacib digər məsələ nəqliyyat, loogistika ilə bağlıdır".
TDT Baş katibi deyib ki, Rusiya-Ukrayna müharibəsi ilə ənənəvi ticarət dəhlizi istiqamətini dəyişir:
“Qərbdə də Orta Dəhlizə alternativ kimi baxılarsa, bu təşəbbüsün reallaşması mümkün olacaq. Biz Türk Dövlətləri Təşkilatı ölkələri iqtisadi sahədə də daha da yaxınlaşsaq, birlikdə sıx işləsək daha güclü olarıq. Türk Dövlətləri Təşkilatının liderləri ortaq İnvestisiya Fondunun yaradılması barədə Səmərqənd zirvəsində qərar qəbul edib. Bu istiqamətdə işlər gedir. Bir neçə gün əvvəl bu sənədi Azərbaycan tərəfi ratifikasiya edib. Bu məsələ digər üzv ölkələrdə də müzakirə olunur. İnşallah, yaxın zamanda bu tamamlanarsa, Fond formalaşarsa, bu, böyük irəliləyiş olacaq”.