Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk dövlət səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana etməsi bu ölkələrin sadəcə tərəfdaş deyil, dost və qardaş ölkə olduqlarının göstəricisidir.
Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında siyasi şərhçi, “Dünya” qəzetinin köşə yazarı Kərim Ülkər bildirib.
O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində nəqliyyat və energetika nazirlərinin də onu müşayiət etməsi xüsusi önəm daşıyır. Belə ki, bu, Türkiyə tərəfinin bölgədə, xüsusən də, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində rolunun artmasının göstəricisidir.
“Digər tərəfdən isə Şuşada Türkiyə Baş konsulluğunun açılması Türkiyənin dünyaya verdiyi bir mesaj olacaq. Baş konsulluğun açılması iki ölkənin qətiyyətini ortaya qoyacaq”, - ekspert vurğulayıb.
O qeyd edib ki, əvvəlki dövrdə Türkiyə şirkətlərinin Azərbaycanın sənaye sektoruna böyük yatırımları olmasa da, indi bu əməkdaşlıq yeni formata çevrilir.
“Məndə olan məlumata görə, əczaçılıq zavodunun açılması planlaşdırılır”, - Kərim Ülkər əlavə edib.
Ekspert, rəsmi Bakının Türkiyə və Orta Asiyada yerləşən digər türk dövlətləri arasında Zəngəzur dəhlizi vasitəsi ilə önəmli körpü rolunu oynayacağından əminliyini vurğulayıb.