Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və Avropa Şurasının Bakı ofisi Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının II mərhələsi çərçivəsində 2019-2021-ci illərdə Azərbaycanda icra olunacaq birgə layihələri təqdim edib.
APA-nın xəbərinə görə, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" layihələri barədə məlumat verib.
O bildirib ki, layihələrin icrası zamanı inklüziv yanaşmaya daha çox diqqət ayrılacaq və yerli rəhbər komitənin iclasları Bakıda daha tez-tez təşkil olunacaq.
Avropa Şurasının rəsmisi qeyd edib ki, layihələr nəticəsində Azərbaycan məhkəmələrinin fəaliyyətinin səmərəliyinin artırılması, məhkəmə qərarlarının icrası sisteminin modernləşdirilməsinə nail olunacaq.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, yaxşı idarəçilik Aİ-nin Azərbaycanla və Şərq Tərəfdaşlığı əməkdaşlıq proqramının gündəliyində əsas yerlərdən birini tutur.
Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında müzakirə olunan yeni sazişdə yaxşı idarəçilik əsas məqamlardan biridir: “Son illərdə məhkəməyə çıxışın genişləndirilməsi, həll olunmamış mülki və cinayət işlərinin aradan qaldırılması və digər göstəricilərin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb”.
Avropa Şurasının (Strasburq) Ümumi Proqramlar üzrə Baş Direktoratlığının nümayəndəsi Arkadi Stine çıxışında bu layihənin artıq II mərhələsinin həyata keçirildiyini və layihənin digər Şərq Tərəfdaşlığı ölkələrində olduğu kimi Azərbaycanda da daxili idarəçiliyin inkişafına töhfə vermək məqsədi daşıdığını deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya şöbəsinin rəis müavini Fərəh Acalova layihənin birinci mərhələsində əldə olunan nailiyyətlərdən danışıb.
Tədbirdə qeyd olunub ki, 2019-2021-ci illərdə Azərbaycanda Aİ (80%) və Avropa Şurası (20%) tərəfindən maliyyələşdirilən, ümumi büdcəsi 1,6 milyon avro olan iki layihə həyata keçiriləcək. Bu layihələrin məqsədi Azərbaycan qurumlarına korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində kömək edəcək. Eyni zamanda layihələr məhkəmə islahatlarını dəstəkləməklə bərabər, məhkəmə sisteminin müstəqilliyini və peşəkarlığını artıracaq.