Gəncədə “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi layihəsi” çərçivəsində tədbir keçirilib

Gəncədə “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi layihəsi” çərçivəsində tədbir keçirilib
# 18 may 2015 07:56 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi layihəsi” çərçivəsində keçirilən silsilə tədbirlər davam etməkdədir.

APA-nın xəbərinə görə, belə tədbirlərdən növbətisi Gəncə şəhərində keçirilib. Tədbirin əsas mahiyyəti Səməd Vurğun və Aşıq Şəmşirin dostluğunu və eyni amal ətrafında bir olduqlarını gənclərə tanıtmaq təşkil edib.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Qənbər Şəmşiroğlu öncə tədbir iştirakçılarına bugünkü Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən, bir neçə gün sonra keçiriləcək I Avropa Oyunlarından, sonra Səməd Vurğun və Aşıq Şəmşirin şəxsiyyətindən, vətənpərvərliyindən bəhs edib.

Qənbər Şəmşiroğlu Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən bu layihənin indiki zamanda çox aktual olduğunu nəzərə çatdırıb.

“Dastanlar, adətən, ustadnamələrlə başlayır. Deyilən ustadnamələrin əksəriyyəti ellər arasında tanınmış ustad sənətkarların, müdrik söz sahiblərinin olub. 1955-ci ilin yay ayında Kəlbəcər rayonunun İsti-su sanatoriyasına müalicəyə gələn Səməd Vurğun burda ustad sənətkar Aşıq Şəmşirlə görüşür. Bu görüşlər bir dastana çevrilir. Deyişmələri iki-üç gün içərisində bütün bölgələrə yayılır. Hətta bu xəbəri eşidən Vurğun pərəstişkarı olanlar da Kəlbəcərə axışır. Demək olar ki, hər axşamüstü buna bənzər məclislər qurulur. Səməd Vurğun və Aşıq Şəmşir dastanı bu gündə məclislərin əsas mövzusudur”, - deyə Qənbər Şəmşiroğlu bildirib.

İctimai Birliyin sədr müavini Həbib Misirov öz çıxışında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vətənpərvər gəncliyin formalaşması naminə çox böyük işlər gördüyünü bildirib. Ölkə prezidenti İlham Əliyevin şəxsi nümunəsində ölkə gəncliyinə göstərdiyi vətənpərvərlik nümunəsinin hər zaman örnək olduğunu deyən natiq, layihənin də bu amala xidmət etdiyini bildirib.

Daha sonra söz layihənin eksperti, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıya söz verilib. O, dinləyicilərin diqqətinə Aşıq Şəmşir və Səməd Vurğun dostluğundan bəhs edərək deyib ki: “Bugünkü dastan gecəsi Azərbaycanın xalq şairi Səməd Vurğunun 1955-ci ildə Kəlbəcər rayonun gəlməsi və ustad sənətkar Aşıq Şəmşirlə görüşünə həsr olunub. Bu il həm də dillər əzbəri olan bu dastanın yaranmasından 60 il ötür. Bu əxlaq, mənəviyyat və vətənpərvərlik dastanının gənclər arasında təbliğ edilməsi çox önəmli məsələdir. Bu layihəyə dəstək olanlar məhz Azərbaycan gəncliyinin öz xalqına, millətinə xidmət və sədaqət ruhunda tərbiyə olunması işinə dəstək olurlar”.

Tədbirin sonunda aşıqlar və məktəblilər hər iki ustad sənətkarın sözlərinə bəstələnən mahnılar və dastandan müxtəlif parçalar ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR