Azərbaycan Beynəlxalq Bankının mənfəəti kəskin artıb

Azərbaycan Beynəlxalq Bankının mənfəəti kəskin artıb
# 15 avqust 2012 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2012-ci il iyulun 1-nə 5 145,109 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,9% çoxdur.

ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13,2% artaraq 3 409,878 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,8% azalaraq 389,733 mln. manat, depozit portfeli 15,7% artaraq 2 646,378 mln. manat, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 31% artaraq 1 053,249 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı 4,8% azalaraq 474,288 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,8% artaraq 290,036 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın ümumi gəlirləri 170,712 mln. manat, o cümlədən faiz gəlirləri 131,180 mln. manat, qeyri-faiz gəlirləri isə 39,332 mln. manat, ümumi xərcləri 146,454 mln. manat, o cümlədən faiz xərcləri 89,300 mln. manat, qeyri-faiz xərcləri isə 57,154 mln. manat təşkil edib. Nəticədə, bu ilin birinci yarısında bankın mənfəəti 16,819 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 78,4% çoxdur.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın 36 filialı, 640 bankomatı, 4454 POS-terminalı və 1204 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR