Tuyqun Nadirov: “Ən böyük problemimiz UEFA-nın çıxardığı qərarlarla bağlıdı”

Tuyqun Nadirov: “Ən böyük problemimiz UEFA-nın çıxardığı qərarlarla bağlıdı”
# 19 aprel 2016 12:33 (UTC +04:00)

Bakı – APA. “Baş məşqçimiz Elbrus Məmmədovun açıqlaması ilə mən də tanışam. Onunla klub prezidenti arasında da müzakirələr olur. “Xəzər Lənkəran” növbəti mövsümdə iddialı çıxış etmək niyyətindədi”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Bu gün keçirilən Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verən Nadirov komandanın növbəti mövsümdəki hədəflərindən danışıb: “Xəzər Lənkəran”da perspektivli futbolçular da var, zəiflər də. Mövsümün sonunda heyətlə bağlı qərar veriləcək. “Xəzər Lənkəran” əslində, hər mövsümə iddialı başlayır. Gələn il də belə olacaq . Futbolçular qarşısında müəyyən öhdəliklər var. Bu, qismən ödənir. Düşdüyümüz çətin vəziyyətlə müqayisədə indi durumumuz müsbətə doğru dəyişib. İnanıram ki, problemlər yayda tamamilə həll olacaq. İndiki məqamda ən böyük problemimiz UEFA-nın çıxardığı qərarlarla bağlıdı. Futbolçuların qarşısındakı öhdəliklər həll olmalıdı. Biz onların həm özləri, həm də hüquqşünasları ilə əlaqə saxlayırıq. İstəyirik ki, məsələ həll edilsin, kluba sanksiya tətbiq olunmasın. Başqa heç bir problemimiz yoxdu. Bütün aşağı yaş qruplarımız çempionatda çıxış edir. Əsas heyətdə öz yetirmələrmiz var”.

Nadirovun sözlərinə görə, yayda komandada baş məşqçi dəyişikliyi gözlənilmir: “Məşqçi dəyişikliyi gündəmdə yoxdu. Sadəcə, heyət gücləndirilməlidi. 1-2 mövqeyə yeni oyunçular lazımdı. Klubun prezidenti Mais Mənsimov, həmçinin fəxri-prezidenti Mübariz Mənsimov tez-tez hesabat alır, hər şeydən xəbərdardı. Belə bir fikir formalaşıb ki, guya “Palmali” Şirkətlər Qrupu “Xəzər Lənkəran”a sponsorluq etmək istəmir. Ancaq belə bir şey yoxdu. Hər şey qaydasındadı. Stadionumuzda yeni sponsorlarımızın lövhələri yerləşdirilib. Bu yaxınlarda özünüz də yeni sponsorların adlarını eşidəcəksiniz. Ümid edirəm ki, bütün problemlərimiz 2015/16 mövsümündə qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR