«Moody’s» agentliyi «Bank Technique»in reytinqi üzrə proqnozunu artırıb

«Moody’s» agentliyi «Bank Technique»in reytinqi üzrə proqnozunu artırıb
# 18 dekabr 2013 08:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Bank Technique» ASC-nin yerli və xarici valyutada uzunmüddətli reytinqi üzrə proqnozunu «Stabil» səviyyəsinədək yüksəldib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda «Moody's» bankın reytinqini «Caa2» səviyyəsində saxlayıb.

Agentliyin hesabatında qeyd edilir ki, proqnozun müsbət tərəfə dəyişdirilməsi «Bank Technique»in maliyyə sabitliyini əks etdirir və əlavə edilir ki, maliyyə qurumu problemli kreditlərin və kapital bazasının bərpasında əhəmiyyətli irəliləyişə nail olub. «Moody’s» son 18 ay ərzində kapitalın artdığını qeyd edir və bu göstəricinin ilin sonuna qanunla müəyyən edilmiş minimal həddi (12%) üstələyəcəyini gözləyir.

Kapital artımı, mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların bərpa edilməsi və risklərin azaldılması nəticəsində Bankın birinci səviyyəli kapital göstəricisi 2011-ci ilin sonu (1,7%) ilə müqayisə yaxşılaşaraq 9%-ə çatıb.

Bundan əlavə, «Moody’s»in analitikləri bildirirlər ki, son 18 ay ərzində «Bank Technique» likvidlik səviyyəsini möhkəmləndirə bilib. Bank likvid aktivlərini kifayət edən həcmdə (təxminən 20%) saxlayır. Eyni zamanda, depozit portfelinin həcmi də əhəmiyyətli şəkildə (19%) artıb, bu isə ümumi öhdəliklərin 58%-nə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR