SAM-ın rəhbəri Fərhad Məmmədovun APA TV-yə EKSKLÜZİV MÜSAHİBƏSİ

<b>SAM-ın rəhbəri Fərhad Məmmədovun <span style="color: red;">APA TV-yə EKSKLÜZİV MÜSAHİBƏSİ </b>
# 16 noyabr 2013 13:01 (UTC +04:00)
- Azərbaycan Prezidenti yanında Strateji Araşdırmaları Mərkəzi (SAM) artıq 6 ildir ki fəaliyyət göstərir və dövlət büdcəsindən maliyyələşən ən böyük beyin mərkəzidir. Eyni zamanda SAM yarananda onun qarşısına konkret vəzifələr qoyulmuşdu. Bu, ilk növbədə dövlət strukturları ilə əlaqəli şəkildə fəaliyyət göstərib, ölkəmizin fərqli sahələrə aid strateji inkişaf planlarının hazırlanması, tədqiqatların hazırlanması, Azərbaycan haqqında məlumatların dünyada kütləviləşməsi və eyni zamanda dünyada fəaliyyət göstərən beyin mərkəzlərinin diqqətlərinin Azərbaycana cəlb edilməsi və orada çap olunan məqalələrin, tədqiqatların bir sistemli şəklə gətirilib çıxarılmasıdır. Öz fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. SAM 3 şöbədən ibarət strukturdur. Burada həm daxili siyasətin təhlili şöbəsi, xarici proseslərin təhlili və iqtisadi qloballaşma şöbələri olduğu üçün biz daxili siyasət, xarici siyasət, iqtisadi mövzularda tədqiqatlar aparır, tədbirlər həyata keçiririk. Bu illər ərzində bu istiqamətdə də kifayət qədər uğurlarımız var.

- Dünyada, bölgədə və xüsusilə Azərbaycanda gedən proseslərin proqnozlaşdırılmasında SAM hansı rolu oynayır?
- İlk növbədə ölkələr üzrə ekspertlər formalaşdırmışıq. Yəni, SAM-da tam olaraq Azərbaycanla həmsərhəd ölkələr və bölgələr üzrə ekspertlər fəaliyyət göstərir. Bu ölkələr və regionlarda baş verən və baş verəcək prosesləri təhlil edib Prezident Administrasiyasına arayış şəklində göndəririk. Eyni zamanda regionumuza və Azərbaycanın maraqlarına təhdid formalaşdıran amillər təhlil edilir və Azərbaycanın gələcək inkişafı üçün imkanlar nəzərdən keçirilir. Bu istiqamətdə həm də qapalı müzakirələr təşkil edir, Bakıda, xaricdə, yerli və xarici ekspertlərin iştirakı ilə açıq konfranslar keçiririk. Azərbaycanın qonşu olduğu bir çox ölkələrin gündəmini məhz bu tədbirlər və qapalı müzakirələrlə aydınlaşdıra bilir və müvafiq ölkə rəhbərliyinə məlumatlar çatdırırıq.

- Siyasi proqnozlaşdırmada proseslərin ssenarilərinin hazırlanması dedikdə nə nəzərdə tutulur?
- Ümumiyyətlə, ssenarilərin hazırlanması son onilliklər üçün dəbdə olan bir məsələdir. Əlbəttə ki, bütün prosesləri proqnozlaşdırmaq mümkün deyil. Amma hazırkı vəziyyəti təhlil edib maraqlı qüvvələrin imkanlarını və resurslarını nəzərə alaraq, müəyyən proseslərdə proqnoz irəli sürmək və ya hər hansı bir münaqişəni, hansısa bir sahədə olan hadisələri ssenarilərə qoşub təqdim etmək mümkündür. Bunu əlbəttə ki, kifayət qədər böyük təcrübəyə malik olan kadrlar həyata keçirə bilər və biz çalışırıq ki, bu cür təcrübəli kadrları SAM-a toplayaq və bu istiqamətdə də öz səmərəli işlərimizi aparaq. Məsələn, Ermənistanın Gömrük İttifaqına qoşulması SAM tərəfindən hələ bir il əvvəldən proqnozlaşdırılırdı və bütün Avropa ölkələri, Avropa diplomatları Ermənistanın AB ilə assosiasiya haqqında sazişin imzalanmasını inadla təkrar etdiyi bir şəraitdə biz proqnozlaşdırırdıq ki, bu ölkə əvvəl-axır Gömrük İttifaqına daxil olacaq və Avropadan üz döndərəcək. Bir çox məsələlərdə, Azərbaycanın qoşulduğu məsələlərdə, hadisələrdə, proseslərdə biz müəyyən proqnozları irəli sürürük və bu proqnozların da böyük əksəriyyəti həyata keçir. Amma yenə də qeyd edim ki bu ssenari istiqaməti çox mürəkkəb olduğu üçün, Azərbaycanda bu istiqamətdə təcrübə çox az olduğu üçün biz çalışırıq ki xarici ekspertlərin də təcrübəsindən istifadə edərək bu sahəni gələcək fəaliyyətimizdə daha da inkişaf etdirək.

- SAM beynəlxalq əməkdaşlığı hansı formada qurub?
- Bu günə qədər bizim mərkəz 25 xarici beyin mərkəzi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Amma ümumiyyətlə biz bu ilin sonunda hesabat verəcəyik. Təxminən 20-yə yaxın ölkədə SAM bu il ərzində müəyyən konfranslar və müzakirələr təşkil edib. Eyni zamanda bizim əməkdaşlarımız dünyanın təxminən 70-ə yaxın ölkəsində səfərdə olub və bu səfərlərin hər birində, konfranslarda, beynəlxalq forumlarda məruzələrlə çıxış ediblər. Bu SAM-ın dünyanın əksər ölkələrində fəaliyyət göstərən beyin mərkəzləri ilə əlaqələrinin mövcudluğunu nümayiş etdirir. Pensilvaniya Universitetinin hazırladığı beyin mərkəzləri reytinqində SAM dünya beyin mərkəzləri siyahısında artıq ilk 150 beyin mərkəzi siyahısındadır. Gələn ilin yanvarında yeni reytinq dərc olunacaq. İnanırıq ki, yeni reytinqdə SAM-ın yerində dəyişiklik olacaq. Digər tərəfdən biz ancaq təhqiqat və tədbirlərlə yox, həm də beyin mərkəzlərinin sosial şəbəkələrdə iştirakı nominasiyası reytinqində də iştirak edirik.

- Yaxın illər üçün hansı sahələrdə araşdırmalar aparmaq nəzərdə tutulur?
- Əlbəttə biz gələn il üçün artıq fəaliyyət planımızı müəyyən etmişik. Bunlar təxminən 20-yə yaxın iri miqyaslı tədqiqatlar, sosial sorğular, xaricdə keçiriləcək iri miqyaslı tədbirlərdir. Çox şadıq ki, artıq SAM-a dünyada çox bir çox beyin mərkəzləri tərəfindən müştərək layihələr həyata keçirmək istiqamətində təkliflər gəlir. Azərbaycan dünyada bir çox mövzuya görə maraq doğurur. Çünki Azərbaycan paralel olaraq bir neçə məkanda fəaliyyət göstərir. Bu ilk növbədə Avropada gedən proseslərdir. Avropanın enerji təhlükəsizliyidir, nəqliyyat mövzusudur. Azərbaycan böyük islam dünyasının üzvüdür, türk dünyasının üzvüdür, Yaxın Şərqdə baş verən proseslərdə Azərbaycanın mövqeyi çox maraqlıdır. Daha sonra biz Xarici İşlər Nazirliyi ilə birlikdə "xarici elmi qonaq" layihəsini həyata keçiririk və hər 3 aydan bir səfirliklərimiz vasitəsi ilə Azərbaycanı və Cənubi Qafqazı tədqiq edən gənc mütəxəssislər 3 ay ərzində SAM-da qonaq elmi işçi kimi fəaliyyət göstərirlər. Onlardan doktorluq dissertasiyaları müdafiə edənlər də olub. Çalışırıq ki, həm öz ekspertlərimizin işini yüksək tutaq, eyni zamanda xarici ekspertləri də dəstəkləyərək Azərbaycanla bağlı olan tədqiqatların sayını artıraq.

- Dağlıq Qarabağ münaqişəsinin həll prosesi ilə bağlı hansı proqnozlar irəli sürmək olar?
- ATƏT-in Minsk qrupunun bu il həm Ermənistanda, həm də Azərbaycanda keçirilən prezident seçkilərindən sonra daha fəal olmasını gözləyirik. Çünki danışıqlarda yenə də müəyyən pauza olması üçün hər hansı obyektiv əngəl yoxdur. Artıq bəyan olunub ki, prezidentlər görüşəcəklər. Bu görüşün gündəliyi təyin olunmalıdır, çünki mövqelərdə müəyyən razılıqlar, müəyyən ziddiyyətlər var. Bu ziddiyyətlərin müzakirəsi çox vacibdir. Digər tərəfdən regionda ümumi kontekst dəyişir. Azərbaycan münaqişədən əziyyət çəkən ölkə olsa da, istədiyi bütün layihələri həyata keçirib və keçirməkdədir. Azərbaycan qonşu dövlətlərə sərmayə yatırır v onların inkişafında iştirak edir. Azərbaycan öz hərbi büdcəsini artırır və dövlətin gücünü möhkəmləndirir. Digər tərəfdən biz iqtisadi böhran içində olan Ermənistanı görürük. Artıq bütün dövlətlər, xarici ekspertlər birmənalı olaraq bir məsələni qeyd edirlər ki, Azərbaycanla Ermənistan arasında fərq o qədər böyükdür ki, artıq onlara bir müstəvidə baxmaq mümkün deyil. Azərbaycan büdcəsi Ermənistan ÜDM-dən 2,5 dəfə artıqdır. Mən hələ Azərbaycan ÜDM-ni demirəm, o təxminən 7-8 dəfə artıqdır. Digər tərəfdən Ermənistan xarici sərmayələrdən asılı olduğu bir dönəmdə Azərbaycan özü xarici ölkələrə sərmayələr qoyur. Azərbaycanın gələcəyə baxışı artıq formalaşıb. Azərbaycanın 2020-ci il inkişaf konsepsiyası var. Ermənistanda isə 2009-u ildə olan iqtisadi böhranın nəticələri aradan qaldırılmayıb. Gələcəkdə də hər hansı ölkə, maliyyə qurumu yoxdur ki, Ermənistana iqtisadiyyatını inkişaf etdirmək üçün lazımı qədər iqtisadi dəstək, maliyyə dəstəyi versin. Bütün bu proseslər Dağlıq Qarabağ münaqişəsinə də öz təsirini göstərir. Çünki gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən Ermənistanın mövqeləri artıq xarici beynəlxalq ələm tərəfindən birmənalı qarşılanmır. Balanslı siyasətin nəticələrinin Azərbaycana tərəf olduğunu artıq görürük. Əlbəttə qısa müddət ərzində hansısa irəliləyişə nail olmaq mümkün olmayacaq. Amma Azərbaycanın seçdiyi taktika bir, beş, on ilin taktikası deyil. Bu, uzunmüddətli taktikadır və bu istiqamətdə prezident də dəfələrlə qeyd edib ki, Ermənistanın təcridi artıq öz bəhrəsini verməkdədir. Siz təkcə ötən il Cənubi Qafqaza səfər etmiş xarici ölkələrin prezident və baş nazirlərinin statistikasına baxın. statistikaya Azərbaycana 30-dan çox prezident və baş nazir gəldiyi halda, Ermənistan 7 prezident və baş nazir gəlib. Bu diqqətin artıq Azərbaycan istiqamətində olması, real layihələrin Azərbaycanla həyata keçirilməsi və ya Ramil Səfərovun qayıtmasını nəzərə alın. Hər hansı bir ölkə varlı kasıb Ermənistana görə Azərbaycanla münasibətini korlamaq istəmir. Ermənilər deyirdilər ki, biz Macarıstana 3-4 milyard dollar sərmayə qoymağa söz vermişik və s. Amma bu, baş vermədi. Ramil Səfərov ekstradisiya olundu. Erməni diasporu bütün var gücü ilə işləsə də, özünün bütün təsir imkanlarını ortaya qoysa da, heç bir dövlətə hər hansı konkret addım atdıra bilmədi. Bu tərəzi getdikcə Azərbaycan tərəfə əyilir.

- Azərbaycan-Rusiya münasibətləri barədə nə deyə bilərsiniz?
- Azərbaycan-Rusiya münasibətləri, 2000-ci ildən başlayaraq hamar inkişaf edir. İki ölkə arasında müzakirə oluna biləcək məsələlər var və bu məsələlər müzakirə olunaraq həllini tapır. Putinin Azərbaycana səfəri dövründə qeyd olundu ki, ticarət dövriyyəmiz 3 milyard dollara yaxındır. Eyni zamanda münasibətlərimizin həm siyasi, təhlükəsizlik, iqtisadi, mədəni, humanitar tərəfləri var. Ticari dövriyyə artır, qeyri-neft sektorunun ixrac imkanlarının böyük əksəriyyəti Rusiya bazarı ilə bağlıdır. Rusiyanın təşəbbüskar olduğu beynəlxalq layihələrə də Azərbaycan çox diqqətlə yanaşır. Lakin Azərbaycanın ixrac imkanlarının bir çoxu Rusiyanın və Gömrük ittifaqının ərazisindən kənardır. Bu proses əksərən Aİ və digər dövlətlərlə həyata keçirilir. Ona görə, Rusiyanın təşəbbüskar olduğu Gömrük İttifaqı istiqamətində Azərbaycan o qədər də fəal görünmür. Çünki Azərbaycanın ixracat potensialının təxminən 12-13 faizi Gömrük İttifaqı ölkələrinin payına düşür. Digər tərəfdən Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir. İkitərəfli münasibətlərdə bizim Rusiya ilə çox böyük potensialımız var.

- Rusiyada son vaxtlar miqrantlara qarşı müəyyən təzyiqlər müşahidə olunur. Bu prosesi necə dəyərləndirərdiniz?
- Miqrant mövzusu Rusiyada yeni mövzu deyil. Miqrasiya qanunvericiliyi 2006-cı ildən sərtləşdirilib. Bu haqda azərbaycanlı miqrantların hamısının xəbəri var idi. Bu dövrdə rus dilini öyrənmək, Rusiyada qanunvericiliyə əsasən fəaliyyət göstərmək ilk növbədə miqrantların marağındadır. Rusiya cəmiyyətində miqrantlara qarşı olan mənfi münasibətin əsas səbəbkarı azərbaycanlılar deyil. Biz miqrantların öz ölkələrinə yolladığı pullara baxsaq görərik ki, keçən il Özbəkistana miqrantlar tərəfindən 6 milyard dollar pul göndərilib. Tacikistana 3 milyard, Ermənistana 1,6 milyard, Ukraynaya 2 milyard. Azərbaycan bu siyahıda ilk onluqda 10-cu yeri tutur. Bu rəqəm təxminən 1 milyard dollardır. Bu bir milyard dollar Azərbaycan iqtisadiyyatı üçün o qədər də əhəmiyyətli deyil. Halbuki Özbəkistan, Tacikistan, Ukrayna və Ermənistan üçün Rusiyadan gələn pul transferlərinin iqtisadiyyatda çox böyük və əhəmiyyətli rolu var. Azərbaycan üçün bu belə deyil. Miqrantlarla bağlı olan qanunvericilik 6 il bundan qabaq qəbul olunub və daim təkmilləşir. Bu proseslərə hər hansı bir sistematik proses və ya hər hansı bir ölkəyə qərəz kontekstində baxmaq lazım deyil. Rusiya öz problemini həll etmək istəyir. Rusiyada çox yaxşı anlayırlar ki, miqrantlar nə qədər öz ölkələrinə pul yollasalar da, Rusiyada bundan iki dəfə artıq iş görürlər. ÜMD-də miqrantların payı 50 milyard dollara yaxındır. Amma onlar öz ölkələrinə 25 milyard dollara qədər pul yollayırlar. Ucuz işçi qüvvəsinə sahib olmaq Rusiyanın öz marağındadır. Rusiyada Rusiya vətəndaşı və etnik rusların identiklik problemi miqrantların vəziyyətinə də çox ciddi şəkildə təsir göstərir. İnanırıq ki, bu problemlər həll olunacaq, çünki miqrantlar Rusiya üçün lazımdır. Amma onların miqdarı, təhsili Rusiya qanunvericiliyinə uyğun həyata keçirilməlidir. İnsanlar illər ərzində fəaliyyət göstərdikləri sahələrdə qanuna uyğun olaraq fəaliyyət göstərirlərsə, onlarda hər hansı problem yaşanmamalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR