Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin informasiya sistemi ilə inteqrasiya olunmuş məlumat bazası yaradılacaq

Azərbaycanda Hərbi Dəniz Qüvvələrinin informasiya sistemi ilə inteqrasiya olunmuş məlumat bazası yaradılacaq
# 12 sentyabr 2013 08:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Xəzər dənizində milli maraqlarının təmin edilməsi üçün bu sahədə fəaliyyət göstərən ayrı-ayrı dövlət qurumlarında Hərbi Dəniz Qüvvələrinin informasiya sistemi ilə inteqrasiya olunmuş məlumat bazası yaradılacaq.

APA-nın məlumatına görə, bununla bağlı məsələ Azərbaycanın Dəniz təhlükəsizliyi Strategiyasında əksini tapıb.

Sənəddə qeyd olunub ki, Strategiyada adı keçən hər bir əsas qurumda məlumat bazası yaradılır və qüvvələrin ehtimal olunan təhdidlərin qarşısını vaxtında və effektiv alması məqsədi ilə dəniz şəraiti haqqında müvafiq məlumatlar aidiyyəti qurumların məlumat bazasına çatdırılır. Hər bir qurum yaradılmış məlumat bazalarından səlahiyyətləri çərçivəsində yararlana bilər. Silahlı münaqişə və müharibə təhlükəsi zamanı dənizdə xüsusi üzmə rejiminin tətbiq edilməsi məqsədilə, dəniz şəraiti haqqında məlumatları aidiyyəti qurumlar mütəmadi olaraq Hərbi Dəniz Qüvvələrinin məlumat bazasına ötürürlər.

Strategiyada dənizdə çoxsəviyyəli təhlükəsizlik sisteminin tətbiqi məsələsi də əks olunub. Dəniz təhlükəsizliyinə çoxsəviyyəli yanaşma nəqliyyat sistemi, gəmilərin tranziti, yükləmə-boşaltma vasitələri, yük və baqaj, limanlar və marşrutlar kimi həssas sahələrdə təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsini tələb edir. Çoxsəviyyəli yanaşma fiziki mühafizə, əməliyyat-axtarış və post-patrul fəaliyyəti, təhlükəsizlik zonalarının yaradılması, heyətin buraxılışına nəzarət, gəminin, sərnişinlərin və heyətin təhlükəsizliyinin təmini, yüklərin yoxlanılması və bu kimi digər meyarları özündə cəmləyir. Bu növ çoxsəviyyəli təhlükəsizlik sisteminin tətbiq olunması terrorçuluğun və digər cinayətlərin qarşısını almağa yardım edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR