Azərbaycanda balıqların artırılmasına sərf olunan vəsaitin həcmi artıb

Azərbaycanda balıqların artırılmasına sərf olunan vəsaitin həcmi artıb
# 23 avqust 2013 10:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 1 006,1 min manat sərf olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

«Xərclər əsasən süni balıqartırma müəssisələrinin fəaliyyəti və balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərini əhatə edib», - deyə Komitənin məlumatında bildirilir.

Qeyd edək ki, vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 230,4 mln. ədəd balıq körpələrinin 221 mln. ədədi çəkikimilərin, 5,5 mln. ədədi bitki ilə qidalanan balıqların, 3,8 mln. ədədi nərəkimilərin, 0,1 mln. ədədi isə qızıl balıqların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR