Moskvada Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib

Moskvada Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib
# 13 dekabr 2014 07:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə Moskvada anım mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mərasimdə bir sıra xarici ölkələrin səfirləri, Rusiya və Azərbaycanın ictimai xadimləri iştirak ediblər.

Tədbiri giriş söz ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu günün bütün azərbaycanlılar üçün ağır və faciəvi gün olduğunu söyləyib: “Düz 11 il bundan əvvəl bu gün Azərbaycan xalqının lideri, görkəmli siyasi xadim Heydər Əliyev dünyasını dəyişib. Heydər Əliyevin avtoriteti, ağılı və bacarığı sayəsində Azərbaycan qısa müddət ərzində düzgün inkişaf yoluna qədəm qoyub. Heydər Əliyev öz müdrikliyi sayəsində müasir Azərbaycanın memarı hesab edilir. Heydər Əliyev siyasi xətti hazırda prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir".

Diplomat bildirib ki, 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanın xilaskarı olub.

Sonra Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edib. O Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri olduğunu xatırladıb: “Onun Azərbaycanın inkişafında xidmətləri əvəzsizdir”.

M. Şvıdkoy daha sonra Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Tədbirin sonunda ehsan süfrəsi açılıb.

Qeyd edək ki, anım mərasimində Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Heydər Əliyev Fondu, Rusiya Azərbaycan Gənclər Birliyi və digər diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR