Bakı. Cavid Zeynallı – APA. Bakıda "Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunub.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2011-ci ildən keçirilən Bakı beynəlxalq müəllif kuklaları biennalesi öz auditoriyasını qazanıb: "Mən sevinirəm ki, Kukla Biennalesinin daimi auditoriyası var. “Fusion” anlayışı sintez, birləşmə anlamını ifadə edir. Bakıda keçirilən “Fusion Doll” biennalisi sözün əsl mənasında yaradıcılığın ifadəsidir. İnanıram ki, hər il olduğu kimi bu il də sərgi böyük marağa səbəb olacaq".
Kiyevin “Modnaya kukla” beynəlxalq salonunun direktoru Yuri Şumanski Bakıda keçirilən biennalidə iştiraklarından məmnunluğunu ifadə edib. O, Kiyevdə təşkil olunacaq kukla sərgisində azərbaycanlı həmkarlarını da görmək istədiyini qeyd edib.
“Fusion doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində uğurlara və ənənələrə malik Azərbaycanı uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.
Biennaledə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyadan olan kukla ustaları iştirak edib.