Bakıda “İnformasiya və Kommunikasiyalar Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya” məlumat günü keçirilib

Bakıda “İnformasiya və Kommunikasiyalar Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya” məlumat günü keçirilib
# 13 noyabr 2014 07:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Avropa Komissiyasının tədqiqat və İnnovasiya üzrə proqramı “Horizon 2020” çərçivəsində Şərq Tərəfdaşlığına həsr olunmuş “İnformasiya və Kommunikasiyalar Texnologiyaları sahəsində Tədqiqat və İnnovasiya” məlumat günü keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Kibernetika İnstitutunun xarici əlaqələr şöbəsinin müdiri Tofiq Babayev bildirib ki, AB nümayəndələri ilə həyata keçirilən bu cür görüşlər elm və biznes əlaqələri ilə yanaşı, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində də böyük əhəmiyyətə malikdir: “Bu əməkdaşlıq həmin ölkələr arasında elmi-texnoloji inkişaf və İKT tədqiqatları sahəsində siyasi dialoqun yaradılmasına yardım edəcək”.

O qeyd edib ki, noyabrın 14-də “East-Horizon” layihəsi çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulub: “Təlimdə iştirakçılar elmi ideyalarını həyata keçirmək üçün layihələrin yazılması, Avropa Komissiyasına təqdim edilməsi qaydaları və layihələrin Komissiya tərəfindən qiymətləndirilməsi meyarları ilə tanış olacaqlar. Bu çərçivədə layihə müəllifi olan tədqiqatçılara layihələrin AB ekspertləri ilə müzakirə edilməsi, ilkin qiymətləndirilməsi və “Horizon 2020”nin tələblərinə uyğun olmasına dair məsləhətlər veriləcək”.

Daha sonra Avropa Komissiyasının nümayəndələri Vassilis Kapanas, Morten Moller "Horizon 2020" layihəsinin və layihə çərçivəsində həyata keçiriləcək elmi işlərin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, tədbirdə “Horizon 2020” çərçivəsində Avropa Birliyi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmin təşkilatların İKT sahəsində birgə fəaliyyət planları da müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR