Azərbaycan İranda keçirilən “HT&T 2013” beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan İranda keçirilən “HT&T 2013” beynəlxalq turizm sərgisində təmsil olunur
# 28 yanvar 2013 15:21 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan İranda keçirilən “HT&T 2013” beynəlxalq turizm sərgisində təmsil olunur.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nazirliyin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Tamerlan Axundovdan ibarət nümayəndə heyəti İran İslam Respublikasına səfərə gediblər. Səfərin məqsədi “HT&T” Beynəlxalq Turizm Sərgisində iştirak, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mədəni irs və turizm sahələri üzrə danışıqların aparılmasıdır.

Səfərin ilk günü, Nazim Səmədov İranın Mədəni irs, Əl sənayesi və Turizm təşkilatının sədr müavini Manuçöhr Cahanian ilə görüşüb. Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovun da iştirak etdiyi görüşdə, həmçinin İran tərəfindən təşkilatın beynəlxalq əlaqələr idarəsinin müdiri Ladan Tehrani və Beynəlxalq turizm idarəsinin müdiri Əli Şizari də iştirak ediblər. Görüşdə turizm və mədəni irs sahələrində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmin gün Azərbaycan nümayəndə heyəti Tehranda yerləşən Gülüstan sarayı Assosiasiyasının sədri Nahid Bağırov, Azərbaycanın mədəniyyət və turizm və İranın Milli muzeyini ziyarət edib.

“HT&T” beynəlxalq turizm sərgisində 60 kvadratmetrlik Azərbaycan stendində 4 turizm şirkəti və 3 mehmanxana iştirak edib. Stendə müraciət edənlərə Azərbaycanın mədəniyyəti və turizm potensialını əks etdirən müxtəlif çeşidli çap məhsulları təqdim olunub. Açılışda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, İran İslam Respublikasının mədəni irs, əl sənayesi və turizm təşkilatının sədr müavinləri iştirak ediblər. Tədbirin sonunda hər iki ölkənin turizm şirkətlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub, Azərbaycan turizm şirkətlərinin İran bazarındakı mövcud vəziyyəti, problemlər, perspektivlər və digər aktual məsələlərə dair müzakirələr aparılıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasının mədəni irs, əl sənayesi və turizm təşkilatının mədəni irs üzrə sədr müavini S.Alavian və İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini ilə də görüşü nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR