Millət vəkili Azər Badamov: “Deputat olduğum müddətdə qanunvericilik təşəbbüsü ilə çıxış etməmişəm” - MÜSAHİBƏ

Millət vəkili Azər Badamov: “Deputat olduğum müddətdə qanunvericilik təşəbbüsü ilə çıxış etməmişəm” - <span style="color: red;">MÜSAHİBƏ
# 04 mart 2013 09:21 (UTC +04:00)

- Sizi əksəriyyət daha çox fəaliyyəti zəif olan, hətta fəaliyyəti olmayan deputat kimi xarakterizə edir. Çoxlarının sizin kimi deputatın olmasından xəbəri yoxdur. Niyə?

- Bu haqda bilirəm. Hətta son vaxtlar bəzi saytlar haqqımda yazmağa başlayıblar ki, mən fəaliyyətsizəm, məni heç kim tanımır. Xüsusən də jurnalistlər buna görə məni ittiham ediblər. Mən o vaxt da, elə indi də cavab olaraq deyirəm ki, mənim fikrimcə, jurnalist özü deputatı danışdırmalıdır, fikirlərini öyrənməlidir və sair. Əgər mənimlə kimsə maraqlansa və cavab verməsəm, onda demək olar ki, deputat fəaliyyətsizdir və yaxud da ki siyasətdən kənardadır. Ona görə də barədə formalaşan bu fikirlə razılaşmıram, bunu özümə qarşı mənfi fikirlər hesab edirəm. Onlar elə desələr də, amma kifayət qədər çıxışlar da edirəm, komitə və plenar iclaslarda, mətbuatda öz fikirlərimi bildirirəm. Bunu görməyən bəzi jurnalistlərin özü fəaliyyətsizdir...

- Amma irad tutduğunuz jurnalistlər də gündəlik fəaliyyətlərində müşahidələrindən belə qənaətə gəlirlər. Hər gün mətbuatda çıxış edən deputatlar da var ki, onlara şəxs olaraq yox, iştirak etdiyi hansısa layihəyə görə müraciət olunur. Sizin isə hansı layihəniz və nailiyyətiniz olub ki, bu jurnalistlərin diqqətindən kənarda qalıb?

- Xeyr, olmayıb... Amma bu o demək deyil ki, mən tam fəaliyyətsiz deputatam, kifayət qədər fəaliyyətim var. Ancaq bunu elə başa düşməyin ki mən həm də öz fəaliyyətimdən tam razıyam. Şair Bəxtiyar Vahabzadə demişkən, mən bir şeydən razıyam ki, elə özümdən narazıyam...

Buna baxmayaraq yenə də fəaliyyətsizliyimlə bağlı tutulan iradlarla razılaşmıram. Əgər mənim mətbuatda yazılarım, iclaslarda, televiziyalarda çıxışlarım olmasaydı, razılaşardım ki, fəaliyyətim yoxdur, görünmürəm...

- Sizin fikrinizcə, jurnalistlər ancaq bunlara görə sizinlə maraqlanmalıdırlar...

- Yox... Ola bilər ki, mən təzə deputatam, jurnalistlərin çoxu da məni tanımır. Mən cəmi iki il yarımdır ki, deputatam. Bu da tanınmaq üçün az vaxtdır. Jurnalistlərin qeyd elədiyi fəal deputatlar isə ən azı üç-beş çağırışın deputatlarıdır və həmişə siyasi həyatda olublar. Mən və mənim kimilər isə siyasi həyata təzə qatılan deputatlarıq. Düşünürəm ki, gələcəkdə həmin fəal deputatlarla yaxından ünsiyyət qura bilərik və onda jurnalistlərin hamısı, ictimaiyyət də bizi tanıyarlar.

- Bəs deputatlığa qədər fəaliyyətiniz nədən ibarət olub? Deyilənə görə, uzun zamandır ki, biznes fəaliyyəti ilə də məşğulsunuz...

- Deputat olana qədər seçildiyim Qusar rayonunda şəhər bələdiyyəsinin üzvü, ardınca isə Qusar Rayon Telekommunikasiya qovşağında rəis olmuşam. Eyni zamanda Qusar şəhər Səhiyyə Müəssisəsində baş müfəttiş də olmuşam. Həm də Qusarda Dövlət Sosial Müdafiə Fondunun ilk yaradıcılarındanam, orada işləmişəm. Arada bir müddət ciddi biznes fəaliyyətim də olub, mən bunu gizlədə bilmərəm...

- Hazırda da biznes fəaliyyətini davam etdirirsiniz?

- Hazırda deputatlıq fəaliyyətimdən başqa heç bir fəaliyyətim yoxdur, heç biznesim də yoxdur. Hər gün Milli Məclisdəyəm. Deputatlıqla dolanıram...

- Məvacibiniz qane edir yəni...

- Qane edir, yetərlidir... 1365 manat alıram və bu, əlbəttə məni qane edir... əgər qane etməsəydi, indiyə qədər deyərdim ki qane eləmir....

- Bəs seçicilərinizin orta aylıq gəliri necə, sizi qane edir?

- Qane edir deyəndə... .demək olmaz ki, onlar pis yaşayırlar. Çünki insanların duruşunda, tələblərində bu hiss olunur. Əvvəllər başqa cür tələb qoyurlar, indi qoyulan tələblər isə başqa istiqamətdə olur. İndi ancaq qaz çəkilməsini, yol çəkilməsini tələb edirlər. Bu tələblərdən də görünür ki, onların vəziyyəti yaxşıdır...

- Deputat fəaliyyətinin başlıca vəzifələrindən biri də qanunvericilik təşəbbüsü ilə çıxış etməkdir. Artıq 3 ilə yaxındır deputatsınız, hansı qanunvericilik təşəbbüsünüz olub?

- Qanunvericilik təşəbbüsüm olmayıb. Məncə deputat olduğum müddət buna görə o qədər böyük müddət deyil. Ancaq qəbul olunan qanunlara öz münasibətimi bildirmişəm, hökumətin hesabat iclaslarında rayonumuzla bağlı ciddi problemlər qaldırmışam və o problemlər həllini tapıb. Siyasi fəaliyyətim davam edir, dövlət tədbirlərinə dəvət olunuram və sair...

- Seçicilərinizin hansı ciddi problemləri həll etmisiniz?

- Məsələn, keçən il məsələ qaldırdım ki, Quba ilə Qusar arasındakı 12 kilometrlik yol pis vəziyyətdədir və asfaltlanmalıdır. Hökumətin iclasında bu məsələni qaldırdım və müsbət qarşılandı, hazırda bu yol tikilməkdədir. Bundan başqa, Qusarda yeni bir turizm məktəbinin açılması məsələsini qaldırdım, buna da müsbət münasibət bildirildi, tezliklə rayonumuzda turizm sahəsi ilə bağlı bir məktəb açılacaq. O cümlədən təklifim olub ki, Qusar rayonunda bəzi kəndlərdə suvarma təchizatı pis vəziyyətdədir və bu həll olunsun. Bu məsələ də həll olunacaq. Mən hələ bu cür bir-iki qlobal təkliflərimdən danışdım, amma belə götürəndə yerli məsələlər haqqında mütəmadi olaraq müraciətlər çox olur və onlar da aradan qaldırılır...

- Deyilənə görə, vəzifəli qohumlarınız var...

- Mənim özümdən “yuxarılar” ilə heç bir qohumluq əlaqəm yoxdur. Sadəcə rayondakı fəaliyyət göstərdiyim müddət ərzində məni qiymətləndiriblər, dəyərləndiriblər: Qısa bir müddət ərzində rayon kəndlərində 15 elektron ATS binalarının tikilməsinə nail oldum, Müəyyən müddət ərzində rayonda telekommunikasiya qovşağının dirçəlməsində gecə- gündüz çalışıb əlimdən gələni elədim. Dövlətimiz, insanlar da bunu qiymətləndirdilər və deputat seçilməyim üçün mənə səs verdilər.

- Bir neçə dəfə Qusar ictimaiyyətinin, ümumiyyətlə, ölkə ictimaiyyətinin nümayəndələri ilə ünsiyyət zamanı siz də daxil olmaqla bir neçə deputatın tanınmaması halı ilə rastlaşmışam. Hazırda seçiciləriniz arasında tanınma dairəniz necədir?

- Seçicilərimin hamısı məni tanıyır. Köməkçim rayonda fəaliyyət göstərir və hər gün səhər saat 9-dan axşam 6-ya qədər iş başındadır. Onun vasitəsilə rayondan hər kəs mənə müraciət ünvanlayır. Özüm də ayda bir-iki dəfə rayonda qəbul keçirirəm, eyni zamanda kəndlərdə görüşlər keçiririk. Belə tədbirlərdə icra hakimiyyətinin başçısı da bizimlə olur və müraciətləri o da qəbul edir.

- Siz Azərbaycanın əsasən ləzgilərin yaşadığı bölgəni parlamentdə təmsil edirsiniz. Son günlər isə qonşu ölkələrin mətbuatları Azərbaycanın şimal bölgəsində yaşayan xalqlar barədə yazırlar...

- Mən Qusardan seçilən deputat kimi, orada olan insanların arasında olan şəxs kimi, eləcə də oranın sakini kimi deyə bilərəm ki, bizim rayon camaatı dövlət siyasətini dəstəkləyir. Yazılanlardan xəbərim var və o fikirlərlə razı deyiləm. Bu gün Azərbaycan inkişaf edən ölkədir, qonşu ölkələr də bu inkişafa qısqanclıqla yanaşırlar və istəyirlər ölkəyə müdaxilə eləsinlər. Bu, Rusiya da ola bilər, digəri də ola bilər...

Müəyyən dairələr, qüvvələr var ki ölkəmizdə xalqlar arasında narazılıqlar yaratmaq istəyirlər. Amma bunların hamısı məncə boş şeylərdir. Çünki ölkədəki ləzgilər də, avarlar da, yəhudilər də, talışlar da, ruslar da dövlətimizi sevirlər. Biz Konstitusiyaya inanırıq, orada yazılıb ki Azərbaycandakı bütün millətlərin qarantı olan dövlətdir. Bu gün Azərbaycanda ləzgilər yaşayan bölgə elə ən inkişaf etmiş bölgədir, prezident ildə iki dəfə Qusara səfər edir. Məsələn, bu il orada istifadəyə verilən qış-yay turizm kompleksi dünyada analoqu olmayan məkandır. Digər uğurlu infrastruktur layihələr də həyata keçirilməkdədir. Camaat da bunu alqışlayır. Bizdə heç bir narazılıq yoxdur.

- Bu yaxınlarda Rusiyadakı Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti (FLMMM) belə bir bəyanat yaydı ki, “Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın sünni xalqlarının - ləzgilərin, avarların, saxurların birləşməsinə mane olur. Şeyx Azərbaycan və Dağıstanda yaşayan ləzgilər, avarlar arasında artan əlaqələrdən də narahatdır”. Bu barədə nə düşünürsünüz?

- Mən bu bəyanatı düzgün saymıram. Şeyxi ləzgilərin təşkilatı yox, 50-ə qədər millətin yaşadığı Qafqaz xalqları seçib. Şeyx həmişə düzgün siyasət yürüdüb, heç vaxt fərq qoymayıb ki, kim ləzgidir, kim avardır, kim çeçendir və yaxud ayrı bir millətin nümayəndəsidir. Qaldı ki, konkret o qurumun yaydığı bəyanata, mən bu haqda heç nə demək istəmirəm... Çünki hər kəsin öz fikri ola bilər, bu da onların fikridir... Amma bizim ölkəmizdə onların dediyi hal yoxdur və mən bunu görmürəm.

- Növbəti parlament seçkilərinə elə də çox vaxt qalmayıb. Növbəti dəfə də deputatlığa namizəd olmaq fikriniz var?

- Yenə də deputatlığa namizədliyimi verəcəyəm. Seçicilər tərəfindən müsbət qarşılansam, yenə də seçilə bilərəm. Təkcə mən yox, indi hər bir deputat bunu edər...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR