Moskvada Anarın yubileyi qeyd olunub

Moskvada Anarın yubileyi qeyd olunub
# 17 aprel 2013 14:11 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Moskva şəhərində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə "Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyəti və Yazıçılar Birliyinin Moskva bölməsi tərəfindən “Millətlər Evi”ndə təşkil edilib.

"Ocaq" cəmiyyətinin sədri, AYB-nin Moskva bölməsinin sədri Tofiq Məlikli tədbiri açaraq görkəmli yazıçının həyat və fəaliyyəti barədə məlumat verib: "Anar bizim canlı klassikdir. Onun əsərlərində bizimlə yanaşı addımlayan, bizimlə yaşayan, həyat haqqında bizim kimi arzuları olan qəhrəmanla tanış olmaq imkanı əldə etmişik".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında qeyd edib ki, Anar haqqında danışmaq bir tərəfdən çox asandır, çünki faktlar çoxdur, digər tərəfdən onun barəsində danışmaq çətindir, çünki Anarın yaradıcılığı, onun fəaliyyəti çoxşaxəlidir: "Dədə Qorqudu Azərbaycan xalqına qaytaran məhz Anar olub. Bu, çox böyük tarixi xidmətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə artıq suveren Azərbaycanda "Dədə Qorqud" dastanının yubileyi UNESCO xətti ilə keçirilib”.

Anar səmimi təbriklərə görə təşəkkürünü bildirib: "Şadam ki, 75 illik yubileyimi gəncliyimin keçdiyi şəhərdə qeyd edirəm. Moskva mənə doğma şəhərdir. Dünyada mənim sevimli şəhərlərim arasında, Bakı və Şuşa ilə yanaşı, Moskva da var".


Yubiley gecəsinin sonunda Anarın ssenarisi əsasında çəkilmiş "Sübhün səfiri" bədii film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR