Tanışını bıçaqlamaqda təqsirləndirilən yeniyetmənin məhkəməsi davam etdirilib

Tanışını bıçaqlamaqda təqsirləndirilən yeniyetmənin məhkəməsi davam etdirilib
# 20 may 2015 11:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Əfsun Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs ifadə verərək hadisəni törətdiyini deyib. Bildirib ki, hadisəni tək törədib.

Məhkəmədə ifadə verən zərərçəkmiş Heydər Əhmədov isə bildirib ki, Əfsun Əliyev onu bıçaqlayıb, dostları isə onu döyüblər. H. Əhmədov həmin şəxslərin də məhkəməyə gəlib ifadə vermələrini tələb edib.

Hakim R. Allahverdiyeva isə bildirib ki, ekspertizanın rəyində bıçaq xəsarətlərinin olduğu göstərilib. Lakin H. Əhmədovun döyülməsi barədə rəy verilməyib. Hakim qeyd edib ki, ötən prosesdə Şakir Vəlişov, Rəcəb Babayev və digər şahidlərin məhkəməyə məcburi gətirilmələri barədə qərar qəbul ediblər. Bu gün Biləsuvar və Abşeron rayon Polis Şöbəsindən məhkəməyə məktublar daxil olub. Həmin məktublarda bildirilir ki, məhkəməyə çağırılan şəxsləri tapmaq mümkün olmayıb. Daha sonra məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib.

Məhkəmə prosesi mayın 27-də davam etdiriləcək. Həmin gün dövlət ittihamçısı çıxış edəcək.

Qeyd edək ki, Binəqədi şosesində olan kafelərin birində Ə. Əliyev münaqişə zəminində tanışı Heydər Əhmədovu bıçaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR