«Ansar Leasing» şirkəti xaricdən yeni kredit cəlb edib

«Ansar Leasing» şirkəti xaricdən yeni kredit cəlb edib
# 12 oktyabr 2012 11:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkəti öz təsisçisindən 4 mln. ABŞ dolları həcmində orta müddətə kredit cəlb edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, İslam İnkişaf Korporasiyasından, güzəştsiz, illik 9% dərəcəsi ilə 3 il müddətinə cəlb edilmiş kredit şirkətin əsas fəaliyyətinə, o cümlədən tikinti, nəqliyyat və daşınmaz əmlakla bağlı layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.

C.Nağıyevin sözlərinə görə, 4 mln. dollarlıq vəsait şirkətin hesabına bu gün bir tranşla köçürülüb: «Bu gündən etibarən müvafiq layihələrin qəbuluna başlayacağıq».

Xatırladaq ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti dövlət qeydiyyatına 2008-ci ilin dekabr ayında alınıb və şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Lizinq obyektlərinin maliyyələşdirməsi əməliyyatlarına 2009-cu ilin oktyabr ayından başlayan şirkət, əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğul olur və fəaliyyəti şəriət qaydalarına əsaslanır.

Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 ay müəyyənləşdirilib. Şirkət bir layihə üçün maksimum 150 min dollar vəsait ayırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR