Dövlət xətti ilə ipoteka kreditləşməsinin həcmi bir ildə 71 dəfə azalıb

Dövlət xətti ilə ipoteka kreditləşməsinin həcmi bir ildə 71 dəfə azalıb
# 11 aprel 2016 08:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin mart ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 0,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 70,5 dəfə və ya 13,9 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu ilin yanvar ayı ilə müqayisədə fevralda Fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 0,4 mln. manat və ya 66,67% azalıb.

Fevral ayında dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb. Bununla da, bu il ərzində artıq ikinci aydır ki, dövlət büdcəsindən AİF-ə vəsait ayrılmayıb.

Bu ilin yanvar-fevral aylarında AİF 8,5 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Yanvar ayında olduğu kimi fevralda fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin martın 1-ə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 880,1 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,71%, aylıq ödəniş isə 297,2 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, 2014-cü ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 251 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,77%, aylıq ödəniş isə 297,1 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR