Azərbaycanda təmayüllər üzrə pilot məktəblərin tədris planları təsdiqlənib

Azərbaycanda təmayüllər üzrə pilot məktəblərin tədris planları təsdiqlənib
# 28 iyun 2016 16:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin 2016-2017-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Tədris planına dair qeydlərdə bildirilir ki, dərsdənkənar məşğələlər meyil və maraqları nəzərə alınmaqla, şagirdlərin ümumi dünyagörüşünün inkişafına, şəxsiyyəti formalaşdıran həyati bacarıqlara daha dərindən yiyələnmələrinə, ayrı-ayrı sahələr üzrə məlumatlarının genişlənməsinə yönəldilir. Dərsdənkənar məşğələ qrupları, bir qayda olaraq, şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaqla komplektləşdirilir. Bununla belə, seçilmiş mövzuya şagirdlərin marağından asılı olaraq, dərsdənkənar məşğələ qrupları maksimum 15 nəfərlə də komplektləşdirilə bilər.

Dərsdənkənar məşğələ saatlarından tədris planında nəzərdə tutulan hər hansı bir fənnə əlavə saat ayrılması, habelə bu saatlar hesabına tədris planında olmayan digər bir fənnin tədrisi yolverilməzdir. Bu məşğələlərin proqramları təhsil şöbəsi (idarəsi) metodkabinetinin təşkilatçılığı ilə zəruri hallarda peşəkar mütəxəssislərin iştirakı təmin edilməklə müvafiq fənn müəllimləri tərəfindən hazırlanır və metodkabinetin müdiri tərəfindən təsdiq olunur.

Pilot məktəblərində təmayül siniflərində şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilir. Ümumi orta təhsil səviyyəsində 2 xarici dil tədris edilmiş məktəblər istisnadır. Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR