Bakıda “Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər” adlı konfrans keçirilib

Bakıda “Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər” adlı konfrans keçirilib
# 12 may 2016 10:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər” adlı elmi-praktiki konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açıb, Azərbaycan son 25 ildə uğurlu inkişaf yolu keçdiyini bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, BMT 1993-cü ildə mayın 15-ni Beynəlxalq Ailə günü elan edib: “2008-ci ildən başlayaraq Azərbaycanda da bütün rayonları təmsil edən ailələrin iştirakı ilə “Ailə bayramı” keçirilir. Ölkəmizdə hər il yüzlərlə, minlərlə ailədə brilyant, qızıl, gümüş yubileylərin keçirilməsi Azərbaycanda ailə modelinin qorunmasının və nəsildən-nəslə yaşadılmasının bariz nümunəsidir”.

Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, bu gün Azərbaycan dövləti tərəfindən - həm parlament, həm də hökumət səviyyəsində ailə proseslərini tənzimləyən qanunlar mövcuddur: “Ailə dəyərlərinin qorunmasına bu qanunlar öz köməkliyini göstərir. Biz ailə institutunu qorumalıyıq. Cəmiyyətin müvafiq təbəqələrinin birgə səyləri nəticəsində bu sahədəki problemləri aradan qaldıra bilərik. Eyni zamanda, biz çalışmalıyıq ki, Azərbaycanın uğurlarının qazanılmasında Azərbaycan ailələrinin yaxından iştirakını təmin edək”.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxışında Azərbaycanda ailə institutu daim təkmilləşdirildiyini vurğulayıb.

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan ailəsinin dövlətin qayğısı ilə tam əhatə olunduğunu qeyd edib.

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycan ailə institutunun inkişafı üçün lazımi işlər görülməlidir: “Biz müasirliklə ənənələri birləşdirib bir fikrə gəlməliyik. Bu gün ailələrdə baş verən konfliktlərin səbəblərinin araşdırılması bu məsələyə aidiyyəti olmayan şəxslərlə müzakirə olunur. Azərbaycan ailə institutu islami inanclar, Azərbaycançılıq ideologiyası və demokratik prinsiplər əsasında qorunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR