Tarif Şurası: Bu ilin ilk yarım illiyində dərmanların qiymətinin tənzimlənməsi başa çatdırılacaq

Tarif Şurası: Bu ilin ilk yarım illiyində dərmanların qiymətinin tənzimlənməsi başa çatdırılacaq
# 14 aprel 2016 09:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-cı ilin 1-ci yarım illiyində dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin başa çatdırılması nəzərdə tutulur. Tarif (qiymət) Şurasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə istifadəsinə icazə verilmiş 77 %-i dərman vasitələrinin qiyməti tənzimlənib. Şuradan qeyd ediblər ki, yeni qeydiyyata alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi isə daimi xarakter daşıyır.

Qeyd edək ki, ümumilikdə, indiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR