Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarında daha iki nəfər Yay Olimpiya Oyunlarına lisenziya qazanıb - FOTO - VİDEO

Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarında daha iki nəfər Yay Olimpiya Oyunlarına lisenziya qazanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 09 avqust 2015 18:36 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 9-da kişilər arasında dairəvi səngər stend atıcılığı üzrə keçirilən yarışlarda 108 idmançı mükafat uğrunda mübarizə aparıb. İkiqat olimpiya çempionu Vincent Hankok (ABŞ) birinci, Sebastian Kuntşik (Avstiya) ikinci, Qabriele Rossetti (İtaliya) üçüncü yeri tutub. İlk iki yeri tutan idmançılar gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. İdmançılara medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber təqdim edib.

Olimpiya və dünya çempionlarının iştirak etdiyi bu yarışda Azərbaycanı təmsil edən Emin Cəfərov 28-ci, Niyaz Ağazadə 64-cü, Paşa Əhədpur 88-ci yeri tutub. Dünya kuboku yarışlarında Olimpiya Oyunları zamanı medal qazanmış 50-dən çox idmançı iştirak edir. Həmçinin atıcıların 100-dən çoxu dünya çempionatlarının mükafatçısıdı. Burada elə idmançılar var ki, 3 və ya 4 dəfə Olimpiya çempionu olublar.

“Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparır. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

Xatırladaq ki, avqustun 10-da qadınlar arasında tapançadan 10 və 25 metr məsafəyə, kişilər arasında isə 50 metr məsafəyə atəş açma yarışları keçiriləcək. Bu yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR