ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Respublikaçılar Partiyasının noyabrın 3-də Konqresə keçirilən aralıq seçkilərdə məğlubiyyətinin əsas səbəbinin İranla müharibə olduğunu bildirib.
APA xəbər verir ki, Vens bu barədə öz “X” hesabında paylaşım edib.
O qeyd edib ki, respublikaçıların seçiciləri seçkiyə gəlsələr də, onların bir qismi bu dəfə demokratlara səs verib.
Vensin sözlərinə görə, 2024-cü ildə Donald Tramp və Ceyms Devid Vensə səs verən bir çox amerikalı 2026-cı il seçkilərində demokratları dəstəkləyib.
Vens onu da bildirib ki, respublikaçıların seçkidə məğlubiyyətinin səbəbləri arasında inflyasiyanın artması, yaşayış xərcləri və İsraillə münasibətlər də var.
O, demokratlara səs verən narazı seçicilərin yenidən respublikaçıları dəstəkləməsi üçün dörd əsas məsələnin həllini vacib saydığını vurğulayıb: “Bunlar İranla müharibəyə son qoyulması, inflyasiya ilə mübarizə, “Hər şeydən əvvəl Amerika” siyasətinə qayıdış və İsraillə münasibətlərin dəyişdirilməsidir”.
Vens seçki kampaniyası zamanı münaqişənin diplomatik yolla həllini müdafiə edən Reyçel Kampos-Daffinin mövqeyinin də əsaslı olduğunu bildirib.
“Seçicilərimiz seçki məntəqələrinə getdilər və məhz bu dörd səbəbə görə onların çoxu demokratlara səs verdi. Bizim məğlubiyyətimizin əsas səbəbi müharibədir. ABŞ prezidenti Donald Tramp da dünən gecə bunu etiraf edib. Əgər sübut etmək istəyirsinizsə ki, buna dəyərdi - Senatda növbəti altı il üçün yerlərin itirilməsinə dəyərdi, buyurun, cəhd edin, bunun məqbul olduğunu deyin. Razılaşın və ya razılaşmayın, ən azı bu, dürüst mövqe olar. Lakin hamı niyə məğlub olduğumuzu bilir. Bundan sonra nə etməli olduğumuzla bağlı hər hansı səmimi müzakirə məhz bundan başlamalıdır. Mən hələ də ölkəmizə ümid bəsləyirəm”, - Vens yazıb.
O, həmçinin respublikaçıları seçkinin nəticələrindən nəticə çıxarmağa və ölkənin gələcəyi naminə fəaliyyətlərini davam etdirməyə çağırıb.