Bakı-APA. ABŞ-ın Kolorado-Sprinqs şəhərində silahlı insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ölənlərdən 2-si mülki şəxs, 1 isə polis əməkdaşıdır.
Dəqiqləşdirilmiş məlumata əsasən, 5 hüquq-mühafizə orqanları əməkdaşı və 4 mülki şəxs xəstəxanalara yerləşdirilib.
***
04:53
Bakı-APA. ABŞ-ın Kolorado-Sprinqs şəhərində tibb mərkəzində atışma törədən şəxs həbs edilib.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis nümayəndəsi bildirib.
Məlumata əsasən, silahlı insident nəticəsində 2 nəfər ölüb, 5-i polis olmaqla 11 nəfər yaralanıb.
Həbsin təfərrüatları hələlik açıqlanmır. Hadisə yerində 150 polis əməkdaşının işlədiyi bildirilir.
Silahlı insident “Planned Parenthood” qeyri-kommersiya təşkilatına məxsus Ailə Planlaşdırma mərkəzində baş verib . Qeyd olunur ki, əvvəllər bu təşkilata məxsus mərkəzlərin bir neçəsi abort əleyhdarlarının hücumuna məruz qalıb.
***
03:33
Bakı-APA. ABŞ-ın Kolorado-Sprinqs şəhərində silahlı insident nəticəsində xəsarət alanların sayı 9-a çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbər görə, onlardan 4-ü polis əməkdaşlarıdır.
Hadisə yerinə xüsusi təyinatlılar və Federal Tədqiqatlar Bürosunun agentləri cəlb edilib. İnsident Kolorado-Sprinqs şəhərində yerləşən Ailə Planlaşdırma mərkəzində baş verib.
Qeyd olunur ki, ABŞ prezidenti Barak Obama insidentlə bağlı məlumatlandırılıb.
Bundan əvvəl tibb mərkəzinin yanında baş verən atışma nəticəsində 1 nəfərin öldüyü, 3 polis əməkdaşının yaralandığı bildirilirdi.
***
00:27
Bakı-APA. ABŞ-da silahlı insident baş verib.
APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kolorado-Sprinqs şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, tibb mərkəzinin yanında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 3 polis əməkdaşı yaralanıb.
Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.