ABŞ, Fransa və Böyük Britaniya İdlibdə kimyəvi silahdan istifadəyə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim ediblər.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.
“Suriyanın Xan-Şeyxun şəhəri yaxınlığında aprelin 4-də kimyəvi silahdan istifadə xəbəri ilə bağlı hazırlanan birgə qətnamə layihəsinin surəti TŞ üzvlərinə paylanıb”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bundan əvvəl yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyini bildirib.
Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib əyalətinin Xan-Şeyhun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb.
Onun sözlərinə görə, anbarın ərazisində zəhərli maddələrlə təchiz edilmiş fuqasların istehsalı sexləri fəaliyyət göstərib. Konaşenkov həmin sursatlardan Hələb şəhərində də istifadə edildiyini qeyd edib.
Ötən gün İdlibdə kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 80 nəfərin öldüyü və 200 nəfərin yaralandığı bildirilir.
Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) Suriya ordusunu kimyəvi silahdan istifadə etməkdə ittiham edir. Suriya ordusunun komandanlığı isə ittihamları rədd edərək, terrorçuları kimyəvi silahdan istifadə etməkdə günahlandırıb.