Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Niderlandın Azərbaycana yeni təyin olunmuş səfiri Robbert Qabriyelseni qəbul edib. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İ.Abasov Azərbaycan və Niderlandın kənd təsərrüfatı sahəsində geniş potensiala malik olduğunu qeyd edib, bu potensialın reallaşdırılması və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin daha da artırılması üçün əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bildirib. Nazir Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa İttifaqı, o cümlədən Niderlanda heyvan və bitki mənşəli məhsullarının ixracının asanlaşdırılması məqsədilə müvafiq olaraq baytarlıq və fitosanitariya sahələrində ikitərəfli sazişlərin imzalanmasının zəruri olduğunu qeyd edib.
İ.Abasov son 10 ildə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar nəticəsində Azərbaycanda yoxsulluqla mübarizə sahəsində əldə edilmiş uğurlar sayəsində regionlarda yaşayan insanların və kənd əhalisinin rifah halının yaxşılaşdığını səfirin diqqətinə çatdırıb.
Görüşdə həmçinin, Dövlət Aqrar Universitetinin magistr, doktorant və müəllim heyətinin Niderlandda aqraryönümlü təhsil almaq imkanları, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlı toxumçuluğun və tingçiliyin təşkili sahəsində birgə texniki yardım layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Səfir R.Qabriyelse Azərbaycanın regionda artan rolu və iqtisadi tərəqqisinin təqdirəlayiq olduğunu, hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala və ənənəyə malik olduğunu, bu potensialın hərtərəfli şəkildə reallaşdırılması məqsədilə mövcud imkanların daha yaxından araşdırılmasının vacibliyini qeyd edib və fəaliyyəti dövründə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.