Bakı. Ayur Əliyeva - APA-Economics. Kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdən əvvəl İ.Abasov “Qarabağ Aqrar - Sənaye kompleksi” MMC-yə məxsus 1521 baş mal-qaraya, “Aqrolizinq” ASC-nin xətti ilə gətirilmiş 1087 baş mal-qaraya, eləcə də “Holştin Friz”, “Simmental”, “Şarolle” ətlik istiqamətli və 308 baş yeni doğulmuş buzovların saxlanma şəraiti ilə tanış olub.
İ.Abasov heyvanlar arasında virus xəstəliyinin yayılması ilə əlaqədar ölkə rəhbərinin bilavasitə göstərişi ilə baytarlıq tədbirlərinin keçirilməsinə 2 mln. 350 min manat vəsait ayırdığını diqqətə çatdırıb. Nazir bioloji silahların yayılmasının qarşısının alınması ilə əlaqədər 2013-cü ildə tam istifadəyə verilmiş Regional Baytarlıq Laboratoriyasının işi ilə də tanış olub.
Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı təkliflərini nazirin diqqətinə çatdırıblar. Onlar istehsal edilmiş taxıl toxumunun satışına köməklik göstərilməsi, süni mayalanma yolu ilə alınmış hər bir balaya görə dövlət tərəfindən subsidiyalar verilməsi, kənd təsərrüfatı məhsul istehsalçıları üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi, müxtəlif kənd təsərrüfatı texnikalarının alınmasına köməklik göstərilməsi, baytarlıq ləvazimatları ilə təchizatın yaxşılaşdırılması, quşçuluğun inkişafına dövlət dəstəyi, heyvandarlığın inkişafına kreditlərin verilməsi, mini inəksağan aqreqatın alınmasına köməklik göstərilməsi, üzümçülük sahəsinin inkişafına kreditlərin verilməsi və istehsal olunmuş məhsulun satışına köməklik göstərilməsi, cins damazlıq düyələrin alınmasına köməklik göstərilməsi, rayonlaşdırılmış kartof toxumunun alınmasına köməklik göstərilməsi, pambıqçılığın inkişafına dövlət dəstəyi, taxılyığan kombaynın alınmasına köməklik göstərilməsi və digər məsələlər, tədarük məntəqələrini yaradılması,
subartezian quyularının qazılmasına köməklik göstərilməsi kimi bir sıra məsələlərlə bağlı təkliflərini kənd təsərrüfatı naziri ilə görüş zamanı bildiriblər.
Qeyd edək ki, görüşdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeliyində olan qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarında olan 62 vətəndaşın müraciətinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb, müraciətlərin çox hissəsi isə müvafiq qurumlarla “Skype” vasitəsilə canlı əlaqə yaradılaraq yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Görüşdən sonra nazir Ağcabədidə Fransa və Hollandiyadan gətirilmiş südçülük istiqamətindən olan yeni cinsin “BNS Aqro” keçi təsərrüfatında saxlanma şəraitinə baxış keçirib.