Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Qazaxıstanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən «Kazaqro» şirkəti Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edir. Bu barədə «APA-Economics»ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) məlumat verilib.
Qazaxıstanın «Kazaqro» Holdinqinə Aqrar Kredit Korporasiyası, Kənd təsərrüfatının maliyyə dəstəklənməsi Fondu, «KazAqroQarant», «KazAqroMarketinq», Qida Müqavilə Korporasiyası, «KazAqroFinans» və «KazaqroOnim» şirkətləri daxildir.
Aqrar Kredit Korporasiyasının məqsədi ASK subyektlərinin asan kredit əldə etməsinin inkişaf etdirilməsi yolu ilə aqrar sahənin sənayeləşməsi və diversifikasiyasını təmin etmək, Kənd təsərrüfatının maliyyə dəstəklənməsi Fondunun məqsədi kənd yerlərində səmərəli mikromaliyyələşdirmə sistemin inkişaf etdirilməsi yolu ilə kənd təsərrüfatı müəssisələrinin inkişafı və əhalinin rifahının yüksəldilməsidir.
«KazAqroQarant» şirkətinin məqsədi ASK subyektlərinin öz öhdəliklərinin yerinə yetirilməsinin təminatının inkişaf etdirilməsi yolu ilə aqrar sektora investisiya cəlb edilməsinin inkişafıdır. «KazAqroMarketinq» müəssisələri yerli və xarici bazarlarla bağlı lazımi informasiya ilə təmin etmək və onlara marketinq və məsləhət xidmətləri göstərməklə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliyinin artırılması, Qida Müqavilə Korporasiyasının məqsədi taxıl resurslarının səmərəli idarə edilməsi, bu sahənin ixrac infrastrukturunun inkişaf etdirilməsi yolu ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, daxili taxıl bazarının stabilləşdirilməsi və Qazaxıstan taxılının ixrac potensiyalının inkişaf etdirilməsidir.
Məlumata görə, «KazAqroFinans» kənd təsərrüfatı texnikası, heyvanlar və s. lizinq yolu ilə alınması və digər layihələrin maliyyələşdirilməsi ilə kənd təsərrüfatında idxalı əvəz edən və ixrac yönümlü layihələrin maliyyələşməsi, «KazaqroOnim» şirkətinin məqsədi isə heyvandarlıq sahəsinin istehsalına və ixracına dəstək göstərməklə ərzaq təhlükəsizliyinin təmini və heyvandarlıq sahəsinin ixrac potensiyalının inkişaf etdirilməsidir.