Bakıda məktəbdə yanğın zamanı davranış qaydalarına həsr olunmuş məşq keçirilib

Bakıda məktəbdə yanğın zamanı davranış qaydalarına həsr olunmuş məşq keçirilib
# 22 may 2018 15:41 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbdə yanğın zamanı fəaliyyət üzrə məşq keçirilib.

APA-nın xəbərinə görə, məşqin keçirilməsində əsas məqsədlər müəllim və şagird heyətinin yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha da artırılması olub.

İki mərhələdə keçirilən məşqin birinci mərhələsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən məktəbin pedaqoji kollektivi və şagird heyətinə yanğın zamanı davranış qaydaları barədə geniş məlumat verilib və qeyd olunan sahədə şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbir zamanı yanğın təhlükəsizliyi sahəsində müvafiq tövsiyələr verilib.

Eyni zamanda şagirdlər tərəfindən nazirliyin “112” qaynar xətti” ilə əlaqə yaradılaraq şərti olaraq baş vermiş yanğın hadisəsi barədə məlumat mübadiləsi aparılıb.

Tədbirin ikinci mərhələsi şərti olaraq yanğın hadisəsinin baş verməsi barədə həyəcan siqnalı ilə müəllim və şagirdlərin təxliyəsi ilə başlayıb. Məşq zamanı məktəbin yanğın təhlükəsizliyinə cavabdeh şəxslərinin yanğınsöndürmə və xilasetmə bölmələri ilə qarşılıqlı fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilib, xüsusi texnika və avadanlıqlar tətbiq olunmaqla yanğın baş vermiş sahədən zərərçəkmişlərin xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər həyata keçirilib.

Məşq zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR