Sumqayıt şəhər Məhkəməsində vəkilin müstəntiqə qarşı şikayətinə baxılacaq

Sumqayıt şəhər Məhkəməsində vəkilin müstəntiqə qarşı şikayətinə baxılacaq
# 12 oktyabr 2016 10:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Elmar Süleymanovun Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Malik Bahadurova qarşı iddiası üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub.

Vəkil Elmar Süleymanov APA-ya deyib ki, məhkəmə prosesi oktyabrın 17-də Sumqayıt şəhər Məhkəməsində keçiriləcək. E. Süleymanov müdafiə etdiyi Həbib Xalıqovla hələ də görüşə bilmədiyini bildirib: “Məndə olan məlumata görə, istintaq orqanı tərəfindən istintaqın və həbsin müddətinin uzadılması barədə təqdimat verilib. Sumqayıt şəhər Məhkəməsi də həbsin və istintaqın müddətinin 15 gün uzadılması haqqında qərar verib. Lakin müstəntiq Malik Bahadurov müdafiə etdiyim şəxslə görüşə icazə vermir”.

Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Malik Bahadurov isə APA-ya açıqlamasında deyib ki, oktyabrın 4-də həmin cinayət işi üzrə istintaq tamamlanaraq təsdiqlənməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib: “Mən iş üzrə istintaqı tamamlayıb prokurorluğa göndərmişəm. Onlar da öz səlahiyyətlərindən istifadə edib həbs müddətinin uzadılması haqqında təqdimat veriblər. Məhkəmə də müddəti uzadıb. Həmin şəxsin istintaq dövründə vəkili olub, ona dövlət tərəfindən vəkil təyin edilib. Vəkil Elmar Süleymanov isə mənə order təqdim etməyib”.

Qeyd edək ki, vəkil Elmar Süleymanov müdafiə etdiyi şəxs Həbib Xalıqovla görüşə icazə vermədiyini əsas gətirərək Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Malik Bahadurov haqqında şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edib. Ərizədə müstəntiqin hərəkətlərinin qanunsuz hesab edilməsi və görüşə icazə verilməsi istənilib.

H. Xalıqov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR