Kəhrizlərdə aparılan monitorinqin nəticələri hökumətə təqdim olunacaq

Kəhrizlərdə aparılan monitorinqin nəticələri hökumətə təqdim olunacaq
# 10 noyabr 2016 14:16 (UTC +04:00)

Azərbaycanın 13 rayonunda yerləşən kəhrizlərin vəziyyəti ilə bağlı monitorinq aparılıb.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev APA-ya açıqlamasında deyib ki, bu işlər ”Azərsu" ASC ilə ötən il bağlanan memorandum çərçivəsində həyata keçirilib. Monitorinqlər zamanı hər iki qurumun mütəxəssislərindən ibarət ekspedisiya qrupu Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Goranboy, Samux, Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Yevlax rayonlarındakı kəhrizlərin vəziyyətini araşdırıb.

Ə.Quliyev bildirib ki, monitorinq yekunlaşmaq üzrədir və nətcələr hökumətə təqdim olunacaq: “Bu zaman biz biləcəyik ki, hansı kəhrizdən istifadə etmək imkanımız var. Yeni kəhriz layihəsinin həyata keçirilməsi məsələsi də hazırda gündəmdədir. Kəhriz suyu şoran torpağı duzdan azad edir, qida maddəsi ilə zəngindir. Bir sözlə, bu suların hamısı təmiz, etibarlı və içməlidir”.

İnstitut direktoru qeyd edib ki, bu gün Azərbaycanda 1500-ə yaxın kəhriz sistemi var. Onlardan 885-nin 1938-ci ildə rəsmi dövlət qeydiyyatına alındığını nəzərə çatdıran Ə.Quliyev kəhrizlərdən ilboyu təxminən 550-600 milyon kubmetr su sərf olunduğunu söyləyib: “Bu, Sərsəng su anbarından 3 dəfə, Naxçıvandakı Heydər Əliyev su anbarından həcmcə 6 dəfə çoxdur. Azərbaycanın Kür və Araz çayından sonra kəhrizlər üçüncü çaydır. Çünki saniyədə 13-15 kubmetr su sərf olunur. Hazırda bu kəhrizlərin 20-25%-i istifadə olunur. Kəhrizlər əsasən Kiçik Qafqazın dağətəyi zonalarında, çay gətirmə konuslarında çoxdur. Lerikdə və Yardımlıda olan kəhrizlər isə təsərrüfat əhəmiyyətli deyil”.

Ə.Quliyev əlavə edib ki, Azərbaycanda ən qədim kəhriz 100 il əvvəl yaradılan Şollar suyudur. Onun sözlərinə görə, 100 ildə burada suyun sərfi saniyədə 1,2 kubmetrdən yuxarı qalxmayıb. Gələn ilin mart ayında Azərbaycanda Şollar suyunun 100 illiyi ilə bağlı konfransın təşkil olunacağını deyən institut direktoru vurğulayıb ki, dünyanın heç bir yerində 100 ildə saniyədə 1,2 kubmetr su verən və öz axını ilə 100 km gələn su sistemi, orijinal tikili yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR