Vüqar Gülməmmədov: “Hesablama Palatası Büdcə Məcəlləsinin qəbul olunmasının tərəfdarıdır”

Vüqar Gülməmmədov: “Hesablama Palatası Büdcə Məcəlləsinin qəbul olunmasının tərəfdarıdır”
# 13 noyabr 2014 12:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Ölkəmizin müasir inkişaf templəri və həyata keçirilən modernləşdirmə tədbirləri büdcə qanunvericiliyinin də təkmilləşdirilməsini və vahid bir məcəllədə birləşdirilməsini zaman getdikcə zərurətə çevirməkdədir”.

APA-Economics”in xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Büdcə Məcəlləsinin yaradılması bir tərəfdən mövcud aktlarda olan uyğunsuzluqların müəyyən olunmasını və boşluqların aradan qaldırılmasını təmin edəcək. Digər tərəfdən isə ölkədə büdcə prosesinin əsas prinsiplərini müəyyən etməklə bu prosesin hər bir mərhələsini və səviyyəsini uzlaşdıran vahid yanaşmanı əks etdirəcək.

“Mövcud təcrübələrin, xüsusilə MDB ölkələrinin bu sahədə təcrübəsinin araşdırılması göstərir ki, Büdcə Məcəlləsi büdcə münasibətləri subyektlərinin hüquqi statusu, ölkənin büdcə sisteminin təşkili və fəaliyyəti, büdcə proseslərinin məzmunu və tənzimlənməsi, büdcə qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyətin əsasları və növləri, büdcə sferasında fəaliyyətlə bağlı normativ sənədlərin kodlaşdırılması, büdcə münasibətlərinin tənzimlənməsində vahid sistemin yaradılması, büdcələr arasında müxtəlif səviyyələrdə qarşılıqlı münasibətlərin tənzimlənməsi və s. bu kimi vacib məqamları əhatə edir. Bu qeyd olunanlar dövlət maliyyə inzibatçılığının təkmilləşdirilməsində mühüm addımlardır və bu sənədin hazırlanması büdcə proseslərində vahid yanaşmanı, son nəticədə isə, maliyyə sistemində şəffaflığın və dayanıqlılığın təmin olunmasına xidmət edərdi”, - deyə V. Gülməmmədov bildirib.

Palata sədri əlavə edib ki, mövcud təcrübələr Büdcə Məcəlləsinin dövlət vəsaitlərinə nəzarət sisteminin əsas fəaliyyət prinsiplərinin müəyyən olunmasını, həmin sistemin tərkib hissələri arasında sərhədlərin konkretləşdirilməsini təmin etdiyini göstərir: ”Qeyd olunan və dünya təcrübəsində tətbiq edilən bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin əsasını təşkil edir. Belə ki, həmin planla dövlət maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi və maliyyə nəzarəti üzrə daha təkmil hüquqi baza təmin etmək üçün maliyyə nəzarəti haqqında qanun layihəsinin hazırlanması, maliyyə nəzarəti orqanlarının hesabatlılığının artırılması və həmin orqanlar tərəfindən maliyyə nəzarətinin nəticələri barədə təhlillərin və statistik məlumatların ictimaiyyətə təqdim edilməsi, maliyyə nəzarəti orqanlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi, onlar arasında vahid elektron informasiya bazasının yaradılması, informasiya mübadiləsinin təşkili və s. bu kimi mühüm tədbirlər nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR