Lənkəranda yeni çay və feyxoa sortları yetişdirilib - YENİLƏNİB

Lənkəranda yeni çay və feyxoa sortları yetişdirilib - <span style="color: red;">YENİLƏNİB
# 22 oktyabr 2013 07:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Respublika Bağçılıq və Subtropik Bitkilər Elmi –Tədqiqat İnstitutunun Lənkəran Çay və Sitrus Bitkiləri Filialının mütəxəssisləri yeni bir uğura imza atıblar. Onların çay kolları və feyxoa meyvəsi üzərində apardıqları uzunmüddətli elmi – tədqiqat işləri nəticəsində yeni sortlar əldə edilib.

Filialın direktoru, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Fərman Abdullayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, dünyada çayın əsasən 2 növü -TEA SİNEZEZ – yəni Çin və TEA ASAMİKA – Hind növləri becərilir. Cənub bölgəsi üçün isə TEA SİNENZEZ – yəni Çin növü daha münasibdir. XIX əsrin axırlarından XX əsrin əvvəllərinədək respublikamıza gətirilib əkilən bu çay növü üzərində digər subtropik bitkilər kimi müxtəlif vaxtlarda alim və mütəxəssislər tərəfindən elmi – tədqiqat işləri aparılıb. Hazırda filiala məxsus çay kolleksiya bağında 60-a yaxın sortlar qorunub saxlanılır. F.Abdullayevin sözlərinə görə, bəzi sortlar toxumla artırıldıqda, genetik parçalanma çox güclü getdiyi üçün valideyn cütlüyünə oxşar sortlar - formalar alınmır. Həmin formaları almaq üçün isə yeganə çıxış yolu klon seleksiyası yolu ilə sort və formaların alınmasıdır. Həmin formalar müəyyən edildikdə çilik vasitəsilə onlar klon suyunda artırılmaqla kolleksiya bağında yerləşdirilir. Bütün parametrlər elmi əsaslarla, yəni, həm məhsuldarlıq, həm şaxtaya və quraqlığa dözümlülük və həm də kimyəvi tərkibə görə öyrənilir. Daha üstün və daha perspektivli formalar isə sort sınağına təqdim edilir. Həmin sortların da gələcəkdə fermer təsərrüfatlarına təqdim edilməsindən ötrü çilik vasitəsilə artırılması mümkündür.

Filial direktoru bildirib ki, bu il 1 hektara yaxın yeni çay plantasiyası salmaq planlaşdırılıb. Bunun üçün isə əkinə qədər lazım olan işlər yerinə yetirilib.

F.Abdullayevin sözlərinə görə, Lənkəran çay və sitrus bitkiləri filialının mütəxəssisləri həmçinin feyxoa meyvəsinin də yeni sortlarını əldə ediblər: “Məlum olduğu kimi, feyxoanın yetişməsi 1 ay və ya ay yarım vaxt aparır. Artıq seleksiya yolu ilə feyxoanın 4 forması -76, 77, 78 və 79 adlı növləri hazırdır. Bu sortlar həm xarici görünüşünə, həm məhsuldarlığına, həm də keyfiyyət göstəricilərinə görə, eləcə də kollarının quruluşuna görə bir – birindən fərqlənirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR