Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində səyyar kollegiya keçirilib

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində səyyar kollegiya keçirilib
# 24 oktyabr 2013 15:57 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2013-cü ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib. Bu barədə APA-ya MSN-in mətbuat xidmətindən məlumat verilib.

Kollegiyada nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib. Bildirilib ki, hesabat dövründə tabeli müəssisələrdə 2013-cü il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. Respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

Cari ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 2,5 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,8 dəfə artıb. İstehsal olunmuş məhsulların ümumi həcminin 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.

2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi tədqiqat və təcrübi konstruktor işləri uğurla aparılır.

Kollegiyada 2014-cü ildə Azərbaycanda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı aparılan işlərdən də danışılıb. Bildirilib ki, ADEX-2014 sərgisi ilə bağlı aidiyyəti dövlət qurumlarının məsul şəxslərindən ibarət yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

İclasda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Kollegiya iclasında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bəyan edib. O, dövlət başçısı tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə xüsusi göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR