Azərbaycan Mətbuat Şurası bu gün keçirilən mitinqlə bağlı məlumat yayıb

Azərbaycan Mətbuat Şurası bu gün keçirilən mitinqlə bağlı məlumat yayıb
# 22 sentyabr 2013 17:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Mətuat Şurasının monitorinq qrupu sentyabrın 22-də Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə qarşı hər hansı maneə qeydə almayıb.

Mətbuat Şurasından APA-ya daxil olan məlumata görə, qurumun Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməyib.

Mitinq müddətində MŞ-nın “qaynar xətt”inə də KİV nümayəndələrindən məlumat daxil olmayıb.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Qeyd edək ki, Mətbuat Şurası seçki kampaniyası müddətində kütləvi toplantıların daha çox keçirilmə ehtimalını, aksiyaları işıqlandıran jurnalistlərin təhlükəsizliyini təmin etmək, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasına kömək göstərməyin zəruriliyini nəzərə alaraq Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının tərkibini artırıb. Şuranın daxili işlər naziri cənab Ramil Usubova müraciətindən sonra Daimi Komissiyanın işinə bu dövlət orqanından daha iki nümayəndə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR