Azərbaycan prezidenti Kamboca Krallığının baş nazirini qəbul edib

Azərbaycan prezidenti Kamboca Krallığının baş nazirini qəbul edib
# 21 aprel 2014 14:43 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Kamboca Krallığının baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın verdiyi məlumata görə, görüş zamanı Kamboca baş nazirinin Azərbaycana ilk səfərinin əlaqələrimizin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bildirən dövlət başçısı səfərin uğurlu olacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələri qurulması üçün yaxşı imkanların olduğunu vurğulayıb. Dövlət başçısı Kamboca baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

H.Sen Kamboca Kralı Norodom Sihamoninin salamlarını prezident İlham Əliyevə çatdırıb. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən H.Sen Heydər Əliyevlə iki dəfə görüşdüyünü böyük ehtiramla xatırlayıb. Baş nazir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Bu il Azərbaycanla Kamboca arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin olacağını vurğulayan Kamboca baş naziri ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib. Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. H.Sen Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Prezident İlham Əliyev isə Kral Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kamboca Kralına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR