"Hakimlərin tədrisi ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitəsi kimi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb

"Hakimlərin tədrisi ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitəsi kimi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb
# 29 sentyabr 2014 20:11 (UTC +04:00)

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Türkiyə, Almaniya, Niderland və Gürcüstandan olan təlim qurumlarının rəhbərləri, ekspertlər, Ədliyyə Nazirliyinin rəhbərliyi, Ali Məhkəmənin, Baş Prokurorluğun məsul nümayəndələri, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri, hakim assosiasiyaları, birinci instansiya, ixtisaslaşmış və apellyasiya məhkəmələrinin hakimləri, vəkillər və alimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan ədliyyə nazirinin müavini Azər Cəfərov ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, qanunvericilik və institusional tədbirlər barədə məlumat verib. Tədbirdə GİZ-in "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" regional proqramın rəhbəri Tomas Meyer, Almaniyanın ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər üzrə müvəkkili Volfqanq Mössinqer, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç və Ədliyyə Akademiyasının rektoru əvəzi Elçin Xələfov çıxış ediblər. Sonra konfransda hakimlər üçün təşkil olunan təlimlərin məhkəmə sisteminin müstəqilliyində, ədalət mühakiməsinin keyfiyyətinin səmərəliliyinin artırılmasında rolu, Azərbaycan hakimləri üçün təhsil sahəsində yeniliklər və digər mövzulara dair məruzələr dinlənilib.

Tədbirdə paralel keçirilən 2 iclasda hakimlərin təlimi ilə məşğul olan qurumların potensialının gücləndirilməsi və təlimçilərin seçilməsi, hazırlanması üçün təlim kursları mövzusunda müzakirələr aparılıb. Növbəti gün konfransda qeyd olunan mövzular üzrə müzakirələrin nəticələrinə dair təqdimatlar keçiriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR