Parisdə Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə təşkilatın mənzil-qərargahında “Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə türk dili” mövzusunda beynəlxalq forum keçirilib.
APA-nın xəbərinə görə, Forumun açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Məktubda qeyd edilir ki, bu cür forumlar xalqlar arasında təmasların artması, alimlərin və müvafiq elm mərkəzlərinin əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanlar açır, Azərbaycan türkdilli dövlətlər və xalqlar arasında bütün sahələrdə əlaqələrin inkişafını daim dəstəkləyir və bu işə hər zaman töhfələr verməyə çalışır. Dövlət başçısı inandığını bildirib ki, forum çərçivəsində aparılacaq fikir mübadiləsi və müzakirələr türk dillərinin aktual problemlərinin həllinə, bu sahədə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsinə, bütövlüdə isə əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan prezidenti türkdilli dövlətlər və xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafını təşviq edən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini və təşəbbüsünü təqdir edib.
A. Kərimov çıxışında forumun türk xalqları və ölkələri arasında əməkdaşlığın, eləcə də dünya sivilizasiyasının inkişafına böyük töhfələr verəcəyini bildirib. O qeyd edib ki, türk dili Avropadan Asiyaya qədər geniş məkanda yayılan bir dildir.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli çıxışında forumun türk dillərinin qorunmasına və türk dilində danışan xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, mədəniyyətin inkişafında, milli dəyərlərin, eləcə də xalqların mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, mədəniyyətin, ədəbiyyatın nəsildən-nəslə ötürülməsində, xalqların birliyində dilin böyük rol oynadığını diqqətə çatdırıb.
D.Kıdırəli bildirib ki, UNESCO ilə birlikdə bu forumu təşkil etməkdə əsas məqsəd də türk yazı abidələrinin V.Tomsen tərəfindən oxunuşunun 125, tanınmış türkoloq V.Radlovun 100, habelə, türk dünyasının böyük ədəbiyyat xadimləri Çingiz Aytmatovun 90, Mağcan Cumabayın 125 illik yubileylərini, eyni zamanda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini beynəlxalq səviyyədə qeyd etməkdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, dilin təhlükə altında olması mədəniyyətin ən vacib parçasını itirməsi deməkdir. Dil milli dəyərlərin formalaşması, yayılması baxımından böyük əhəmiyyət daşıyır. Dilin ölməsi bəşəriyyətin ortaq milli mədəni irsinin itirilməsi deməkdir.
Forumun açılışından sonra mükafatlandırma mərasimi keçirilib.
Tədbir işini panel iclaslarla davam etdirib. Forumun bir paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.