Əli Əsgər Sultaniyə: “İran uranın zənginləşdirilməsi işlərini davam etdirir”

Əli Əsgər Sultaniyə: “İran uranın zənginləşdirilməsi işlərini davam etdirir”
# 24 aprel 2013 10:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran Nüvə silahlarının istehsalının və yayılmasının qarşısının alınması Müqaviləsinin (NPT) üzvü olaraq dinc məqsədlər üçün uranın zənginləşdirilməsi işlərini davam etdirir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəsi Əli Əsgər Sultaniyə NPT üzvlərinin hazırlıq komitəsinin yığıncağında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran keçmişdə olduğu kimi, bundan sonra da nüvə fəaliyyətlərini agentliyin nəzarəti altında davam etdirəcək: “Qərb ölkələrinin İranın nüvə fəaliyyətlərini Şimali Koreyanın nüvə fəaliyyətləri ilə eyniləşdirməsi qəbuledilməz bir yanaşmadır. İran NPT-nin üzvüdür. Ancaq NPT üzvü olmayan bir ölkənin nüvə fəaliyyətləri ilə İranın müqayisə edilməsi qəbuledilməzdir. Çünki İran nüvə fəaliyyətlərini onsuz da NPT qanunları və AEBA-nın nəzarəti altında davam etdirir. Onların bu mövqeyi İranla bağlı həqiqətləri qəbul edə bilməməsinin açıq göstəricisidir”.

Ə.Sultaniyə İranın nüvə obyektlərinin indiyədək davamlı yoxlamaya açıq olduğunu xatırladaraq, Tehranın bu sahədə agentliklə ən yaxından əməkdaşlıq edən bir ölkə olduğunu söyləyib: “İranı bu mövqeyindən dolayı təqdir etmək əvəzinə, ona təzyiq göstərilməkdədir”.

İran rəsmisi həmçinin vurğulayıb ki, İsrail NPT-nin üzvü deyil: “Bu ölkə hərbi məqsədli nüvə fəaliyyətlərini yoxlamaya icazə vermir və xeyli sayda nüvə silahına sahibdir. Ancaq İran kütləvi qırğın silahlarının ən böyük qurbanlarından biri olaraq nüvə və hər cür kütləvi qırğın silahına qarşıdır. Bölgənin də bu kimi silahlardan təmizlənilməsi lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR