Bakı Ali Neft Məktəbi ABŞ-ın “Emerson” şirkəti ilə kadr hazırlığı sahəsində əməkdaşlıq edəcək - FOTO

Bakı Ali Neft Məktəbi ABŞ-ın “Emerson” şirkəti ilə kadr hazırlığı sahəsində əməkdaşlıq edəcək - <span style="color: red;">FOTO
# 08 iyul 2014 11:12 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbində (BANM) “Emerson” şirkətinin biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti ilə “Əməkdaşlıq haqqında Razılaşma”nın imzalanma mərasimi keçirilib.

Bakı Ali Neft Məktəbindən “APA-Economics”ə verilən məlumata görə, sənədi BANM rektoru Elmar Qasımov və “Emerson Process Management” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Yohan Vanderplats imzalayıblar.

E. Qasımov qeyd edib ki, mütəxəssislərin hazırlanması ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamətdir. Buna misal ölkənin insan kapitalının inkişafında atılan vacib addım - Bakı Ali Neft Məktəbinin yaradılmasıdır. Rektor bildirib ki, BANM Azərbaycanın ən gənc təhsil müəssisələrindən biridir, onun qarşısında duran əsas vəzifə ölkənin surətlə inkişaf edən sənaye sahələrində işləmək və ARDNŞ-nin layihələrini həyata keçirmək qabiliyyətinə malik olan yüksəkixtisaslı mühəndislərə gündən günə artan tələbləri ödəməkdir. BANM tələbələrə yüksək nəzəri biliklər və zəngin praktiki təcrübə vermək üçün təhsil müəssisələri və şirkətlərlə fəal əməkdaşlıq edir.

“Emerson” şirkəti ilə əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, korporativ təhsil, ixtisasartırma, təcrübənin nəsildən nəslə ötürülməsi ənənəsinin tətbiqi, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirmək imkanı verəcək. Bütün bunlar ARDNŞ-nin təhlükəsizlik siyasətinin, o cümlədən texnoloji proseslərin təhlükəsiz idarəedilməsinin təminatının vacib meyarlarıdır. “Bizim təhsil müəssisəsi qabaqcıl təhsil texnologiyası əsasında həyata keçirilən təlimdə maraqlıdır. Biz əməkdaşlıq əlaqələrini və tədris prosesini elə qururuq ki, tələbələrimiz ən yüksək beynəlxalq standartlara uyğun təhsil alsınlar”, - E. Qasımov qeyd edib.

Y. Vanderplats qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətimizi maksimal dərəcədə genişləndirmək niyyətindədir. “Emerson” şirkəti dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə bizim Azərbaycanın ali təhsil müəssisəsi ilə ilk əməkdaşlıq təcrübəmizdir. Biz Azərbaycanın neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazırıq. 2013-cü ilin dekabrında “Emerson” regiondakı müəssisələr üçün təlim və xidmət sahələrində özünün imkanlarını daha da genişləndirmiş, yeni ofis, treninq və servis mərkəzləri açıb.

Bu sənədə görə hər iki struktur neft-qaz sənaye sahələrinin müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması üzrə tədqiqat və tədris proqramlarını dəstəkləmək üçün ardıcıl olaraq birgə tədbirlər həyata keçirəcəklər. BANM və “Emerson” arasında imzalanmış “Əməkdaşlıq haqqında Razılaşma” özündə hər iki strukturun neft-qaz sənayesi müəssisələrinin avtomat¬laşdırılması sahəsində mütəxəssislərin hazırlanmasında gələcək əməkdaşlığının əsas prinsiplərini ehtiva edir. Razılaşmanın şərtlərinə görə “Emerson” Ali Məktəbi xüsusi tədris materialları ilə təchiz edəcək, şirkətin ekspertləri BANM tələbələri üçün mühazirələr və seminarlar, onlar üçün şirkətin müəssisələrində istehsalat təcrübəsi təşkil edəcək və yay stajkeçmə proqramları həyata keçirəcəkdir. “Emerson” şirkətinin adından BANM-in əlaçı tələbələri mükafatlandırılacaq, onlar “Emerson”-un adlı təqaüdlərini alacaqlar. Şirkət həm də müəssisələrin rəqəmli idarəetmə arxitekturasından (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadə etməklə BANM-də ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması layihəsini dəstəkləyəcək. Bu laboratoriya real istehsalatda istifadə edilən avadanlıqla təchiz olunduğuna görə tələbələrə nəzəri bilikləri asanlıqla və tez zamanda mənimsəməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR