Bank Of Baku

Ramil Həsən: “Özbəkistanın Türk Şurasına üzv olmasını səbirsizliklə gözləyirik” - MÜSAHİBƏ

Ramil Həsən: “Özbəkistanın Türk Şurasına üzv olmasını səbirsizliklə gözləyirik” - <span style="color: red;">MÜSAHİBƏ
# 24 may 2018 11:06 (UTC +04:00)

Mərkəzi qərargahı İstanbulda olan Türkdill Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənin APA-ya müsahibəsi

 

- Keçən ilin axırında illik fəaliyyətinizin yekunları barədə ətraflı danışmışdıq. O vaxtdan bəri gördüyünüz işlər barədə nə demək istərdiniz?

 

- 2017-ci ildə turizmdən təhsilə, nəqliyyatdan gömrük sahəsinə, elmdən mədəniyyətə, gənclik və idman sahəsindən siyasətə və diplomatiyaya qədər bir çox layihəmizi həyata keçirdik. Bu ilin ilk 5 ayında Qırğızıstanın paytaxtı Bişkekdə Universitetlərarası Birliyin plenar iclasını keçirdik. Bu il bizə müraciət edən 2 ali təhsil qurumunu-Qazaxıstandakı Aktau universitetini və Azərbaycan Dillər universitetini Türk Şurası nəzdində fəaliyyət göstərən Universitetlərarası Birliyə daxil etdik. Plenar iclasda sədrlik səsvermə ilə Qırğızıstanın Manas Universitetindən Qazaxıstanın Əhməd Yesevi Universitetinə keçdi. Hazırda Türk Şurasına daxil olan ölkələrin Təhsil nazirliklərinin ortaq dəstəyi ilə BDU-da birinci kursa başlayan tələbə Ərzurumdakı Atatürk Universitetindən məzun ola bilir. Ölkələrimiz arasındakı təhsil sistemlərinin daha da yaxınlaşması məqsədi ilə müəllim mübadilə proqramı da həyata keçiririk. Müəllimlərin diplomlarının tanınması prosesi, müxtəlif ölkələrdə təhsil alan tələbələrin diplomlarının tanınması prosesini bu nöqtəyə qədər uğurla gətirib çıxarmışıq. Bizə verdikləri dəstəyə üçün Təhsil nazirliklərinə minnətdarlığımı bildirirəm. Üzv ölkələrimizin prezidentlərinin göstərişi əsasında Türk Akademiyasının hazırladığı Ortaq Türk tarixi kitabının Qazaxıstanda 22 məktəbdə - Nazarbayev liseylərində tədrisinə başlanıb. Türkiyə Milli Təhsil Nazirliyinin qəbul etdiyi qərara görə, bu ilki təhsil ilində ölkənin bütün ərazisində Ortaq Türk tarixi kitabı seçməli dərs kimi oxudulacaq. Bu, ortaq tariximizin hamı tərəfindən qəbul edilməsidir.

 

- Türk Şurasının Ali Məclisi - hər il keçirilən dövlət başçılarının zirvə toplantısıdır. Builki zirvə toplantısı harada keçiriləcək, hazırlıqlarınız hansı səviyyədədir?

 

- VI zirvə toplantımız Qırğızıstanın İssık Kul şəhərində keçiriləcək. Bu barədə dövlət başçıları bizə lazımi təlimatları veriblər. Yer məlumdur, tarix də dəqiq məlum olandan sonra lazımi açıqlamanı verəcəyik. Zirvədə dövlət başçıları Ortaq Türk tarixinin Türk Şurasının üzvü olan bütün ölkələrdə tədrisinə dair qərar qəbul edəcəklər. Hazırda isə Türkiyə və Qazaxıstanda Ortaq Türk tarixi kitabı tədris olunur. Bunu böyük uğurumuz sayırıq.

 

- Keçən ay Bakıda Türk universiadası keçirmişdiniz. Hansı nəticələri əldə edə bildiniz?

 

- 4 ölkədən - Türkiyə, Qazaxıstan, Qırğızıstan və Azərbaycandan təxminən 500 nəfərin iştirakı  ilə 7 idman növü üzrə universiada keçirdik. Bu da Türk Şurası ölkələrinin gənclərinin bir araya gələrək beynəlxalq miqyaslı yarışlar keçirməsi sahəsində çox mühüm layihə idi. İyul-avqust aylarında Qırğızıstanda və Türkiyədə hər il keçirdiyimiz Gənclik düşərgəsini yenidən təşkil edəcəyik. Türkiyədəki düşərgədə hər il təxminən 500 gənc iştirak edir. Onların qarşılama, qonaq qalma və yemək-içmək xərclərini ev sahibi, digər xərcləri isə göndərən tərəf ödəyir. Bilirsiniz ki, gənclərin bir araya gəlməsi-gələcək üçün ən mühüm investisiyadır. Türk Şurasına üzv ölkələrin vətəndaşları olan gənclərin bir-birləriylə yaxın əlaqələr yaratmaları bizim ölkələrin milli strategiyalarının əsas tərkib hissələrindən biridir. Bu gün çəkdiyimiz zəhmətin meyvələrini gələcəkdə dövlətlərimizin milli strategiyalarının  həyata keçirilməsində görəcəyik. Sevindirici cəhət odur ki, keçən il qardaş Türkmənistan və Özbəkistandan düşərgəyə gənclər dəvət etmişdik, bu il də qardaş ölkələr o layihədə iştirak edəcək.

 

- Türk dünyasına diplomat yetişdirmə sahəsindəki işləriniz barədə nə demək istərdiniz?

 

- 2011-ci ildə yay mövsümündə gənc diplomatlarla məşğələ layihəsinə başlamışıq. Bu il 5-ci mövsümdə gənc diplomatlara seminarlar verəcəyik. Hər üzv ölkəmizdən 6 diplomat, Macarıstan, Türkmənistan və Özbəkistanın hər birindən 2 gənc diplomat da dəvət etmişik. Macarıstan 2 ildən bəri o təlimlərdə iştirak edir. Bu, qardaş ölkələrin diplomatlarının gələcəkdə səmərəli əməkdaşlıq şəraitində işləmələri üçün böyük təkandır. Bilirsiniz ki, keçən il Bakı-Tiflis-Qars dəmiryolu layihəsi başa çatdırıldı. İndi isə dövlət başçılarımızın göstərişi ilə Transcaspian layihəsinin həyata keçirilməsinə çalışırıq. Bu böyük layihəni də uğurla başa çatdıracağımıza əminik. Xəzərin dibindən kabellərin keçirilməsi, kosmik tədqiqatlar və İnformasiya texnologiyaları sahəsində atılan addımlar göz qabağındadır, bunun nəticələrini görməkdəyik və Türk Şurasına üzv olan ölkələrin nazirlərinin (Özbəkistan da  bəzi  layihələrdə iştirak edir) iclaslarında biz mövcud vəziyyəti ətraflı təhlil edib növbəti addımlarımızı atırıq. Bizim üçün mühüm olan layihələrdən biri turizm sahəsindəki “Ortaq Türk paketi”dir. Artıq o paketləri dünya miqyasında satışa çıxarmışıq. 4-5 illik zəhmətimizin bəhrəsidir, 4 ölkənin şəhərlərini birləşdirən bu layihədən həm dövlətlərimiz həm də şirkətlərimiz maddi gəlir əldə edəcək. Bu layihə bizim birgə əməkdaşlığımızın nə qədər faydalı olduğunun konkret nümunəsidir. Hazırda Buxara  və Səmərqənd kimi tarixi şəhərlərin bu layihəyə daxil edilməsi üçün lazımi müraciəti Özbəkistana da etmişik.

 

- Özbəkistanın Türk Şurasına daxil olması məsələsi vardı. Bu məsələdə vəziyyət necədir?

 

- Bilirsiniz ki, mayın əvvəlində Türkiyə prezidenti Ərdoğan uzun fasilədən sonra yenidən Özbəkistana rəsmi səfərə getdi. Özbəkistan prezident Şövkət Mirziyayev mətbuat konfransında bəyan etdi ki, Özbəkistan Türk Şurasına daxil olmaqla bağlı tarixi qərar qəbul edib. Şövkət Mirziyayev dedi ki, geri qayıdırlar. Bu, tarixi sözdür. Çünki Türk dövlətlərinin 1992-ci ildə başlayan toplantılar seriyasının ilk illərində Özbəkistan da iştirak edib. Daha sonra bəzi səbəblərdən Özbəkistan zirvə iclaslarında iştirak etmirdi. İndi qürurla deyirik ki, Özbəkistan tarixi bir qərar qəbul edib, biz Türk Şurası olaraq qərarı alqışlayırıq. Türk Şurasının baş katibi kimi, Özbəkistan dövlətinə və başda prezident olmaqla, özbək xalqına təbrikimi çatdırmışam. İnşallah, bu yaxınlarda Özbəkistana səfərə edəcəyəm və qardaş Özbəkistanı qısa müddətdə Türk Şurasının üzvləri arasında görəcəyik. Prezident Mirziyayevin də dediyi kimi, Özbəkistan bayrağının hazırda sizinlə oturduğumuz bu missiyanın içində dalğalanmasını səbirsizliklə gözləyirik.

 

- Bakı-Tiflis-Kars dəmiryolu layihəsinin həyata keçirilməsindən sonra regionun infrastrukturunda mühüm irəliləyişlər oldu. Sizin bu sahədə gördüyünüz işlər nə yerdədir?

 

- Biz limanlar arasındakı kommunikasiyanın gücləndirilməsi və inteqrasiyası məsələsinə böyük əhəmiyyət veririk. Qardaş Atırau-Ələt və Samsun (aşağıda isə Mersin limanı)  limanlarının spesifik xüsusiyyətləri ön plana çıxıb. Ortaq limanlarımızın məhsuldarlığını müəyyənləşdirərək, dünya bazarına səmərəli təkliflər verməyi planlaşdırırıq. Çindən Avropaya yüklərin daşınması sahəsində bölgədə böyük imkanlar var. Türkmənbaşı limanı da bu çərçivədə yenidən quruldu. Limanın açılış mərasimində mən də iştirak etdim. Prezident Qurbanqulı Berdimuhammedov ilə görüşümüzdə o, Türk Şurasının önəmindən bəhs etdi, Şura çərçivəsində görülməsi lazım olan çox iş olduğunu vurğuladı. İlk dəfə Türk Şurasının baş katibi Türkmənistana səfərə gedərək, həm prezident, həm də xarici işlər naziri ilə görüşdü. Bu fakt  bizim Türkmənistan, Özbəkistan və Macarıstanla son 3-4 ildə apardığımız siyasətin nə qədər düzgün olduğunu göstərir. Dövlət başçılarımızın qarşımıza qoyduqları məqsədlərə uyğun olaraq, bu addımları ata bilirik.

 

- Son illərdə Türk Şurasına üzv ölkələrdəki seçkiləri yaxından müşahidə etdiyinizi bilirik. Türkiyədə 24 iyunda keçiriləcək prezident və parlament seçkilərini müşahidə etməyə hazırlaşırsınızmı?

 

- Aprelin 11-də Azərbaycanda prezident seçkisi keçirildi. İndiyə qədər seçkiləri ATƏT və Avropa Şurasının missiyaları müşahidə edirdi. Biz q Türk PA ilə müştərək müşahidə missiyası yaradaraq, Azərbaycandakı seçkini müşahidə etdik. Müştərək missiya bizə imkan verir ki, seçki günü, məsələn, 20 yox, 45 məntəqədə seçkinin gedişini izləyək.T ürkiyə 24 iyunda tarixi seçkilər keçirəcək: burada parlament üsuli-idarəsi başa çatır, ölkə prezident üsuli-idarəsinə keçir. Türkiyənin bəzi vilayətlərində seçkini Türk Şurası-Türk PA müştərək missiyası ilə izləyəcəyik. Müştərək fəaliyyətimiz bizə olan etimadı daha da gücləndirdi.

 

- Hər il Türk Şurasına üzv olan ölkələrin həm turizm, həm də təhsil nazirlərinin görüşünü keçirirsiniz. Bu il nə vaxta planlaşdırmısınız?

 

- İndi İssık Kuldakı zirvə toplantısına paralel olaraq, turizm və təhsil nazirlərinin görüşlərini də hazırlayırıq. Türk Şurasına üzv olan ölkələr arasında gömrük proseduralarının təkmilləşdirilməsi sahəsində çox mühüm işlər görməkdəyik. Türkiyə Palatalar və Birjalar Birliyi bu məqsədlə Qazaxıstanda daimi seminarlar keçirir. İndiyə qədər Türk Şurasına üzv ölkələrdən təxminən 1000 gömrük məmur və mütəxəssisini Türkiyəyə gətirərək Gömrük və Ticarət Nazirliyinin  təcrübələrini  öyrənmələrinə nail olmuşuq. Keçid məntəqələrindəki islahatlara böyük əhəmiyyət veririk. Qırğızıstanın Çinlə sərhədində bəzi mühüm işlər görülüb.

 

- Yanvar ayında siz SİGA-nın vitse-prezidenti seçildiniz. Orada işləriniz necə gedir?

 

- SİGA - beynəlxalq miqyasda futbolda və idmanın digər sahələrində rüşvətə, korrupsiyaya qarşı mübarizə aparan təşkilatdır. Mən oradakı vəzifəmi Türk Şurasının baş katibi işimlə koordinasiya edərək yerinə yetirirəm. SİGA-nın baş ofisi Cenevrədədir, BMT bizim təşkilatımızı tanıyır. İdman bizim üzv ölkələrimizdə strateji əhəmiyyətli məsələlərdən biridir. Təkcə bunu qeyd etmək kifayətdir ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə Milli Olimpiya Komitəsinin qurucu prezidentidir və ölkə prezidenti olmaqla yanaşı, Milli Olimpiya Komitəsi prezidenti vəzifəsini də yerinə yetirməkdədir. Bu, Azərbaycanda idmana verilən önəmi göstərir və bu strategiyanı biz qardaş ölkələrdə də gücləndirməyə çalışırıq. BMT-nin İnkişaf Proqramı (UNDP), Mədəniyyətlər İttifaqı (AOC), Cənub-Cənub Əməkdaşlıq Platforması ((South South) kimi təşkilatlarla imzaladığımız əməkdaşlıq protokolları çərçivəsində işlərimiz səmərəli şəkildə davam etməkdədir. Bunu xüsusi qeyd etmək istəyirəm: BMT çətiri altındakı əməkdaşlıq bizim həm daha effektiv fəaliyyət göstərməyimizə  həm də dünya ictimaiyyəti tərəfindən daha yaxından tanınmağımıza səbəb olur. Dünya bizi getdikcə daha ciddi bir qurum kimi qəbul edir. Biz hazırda dövlət başçılarımızın zirvə iclasının uğurla keçirilməsinə fokuslanmışıq. Özbəkistanın Türk Şurasına üzv olması isə səbirsizliklə gözlədiyimiz hadisədir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR