May ayında respublikada əsasən Böyük Qafqazdakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunub

May ayında respublikada əsasən Böyük Qafqazdakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunub
# 02 iyun 2015 12:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “May ayında daha çox respublikanın Böyük Qafqaz ərazisindəki mövcud sürüşmə sahələrində aktivləşmə müşahidə olunub. Bunun da geoloji prinsipləri var. Həmin ərazidə olan süxurlar köklü, gilli süxurlardır. Yəni bu süxurların plastikliyi çoxdur. Yağış yağan kimi süxurlar dayanıqlığını itirir və sürüşmə baş verir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə. Piriyev sözlərinə görə, may ayında Quba-Xınalıq avtomobil yolunun 37-46-cı, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliklərindəki sürüşmə sahələrində aktivləşmə müşahidə olunub: “Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində 0,4-0,7 santimetr hərəkət müşahidə olunub. Eyni zamanda, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı kilometrliklərindəki sürüşmə sahələrində müəyyən qədər də olsa aktivləşmə qeydə alınıb. Şamaxı rayonunun Qaravəlli sürüşmə sahəsində 1,5-2 santimetr hərəkət müşahidə olunub. Bundan başqa, sürüşmə kütləsi üzərində olan çatların ölçüləri artıb və sürüşmə kütləsi üzərində yeni çatlar əmələ gəlib”.

Ə. Piriyev bildirib ki, Muğanlıdakı sürüşmə sahəsindəki çatlarda qismən genişlənmə baş verib: “Muğanlı-İsmayıllı avtomobil yolunun 2-15, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə sahələrində aktivləşmə qeydə alınıb. İsmayıllının Xankəndi kəndindəki sürüşmənin dil hissəsində 2-4 metr hündürlüyündə bir neçə sahələrdə qabarmalar müşahidə olunub. Hələlik həmin ərazidə sakitlik müşahidə olunur”.

Ə. Piriyev Bakı və Abşeron yarımadası, cənub zonasında, əsasən də Lənkəran-Lerik avtomobil yolundakı mövcud sürüşmə sahələrində hər hansı ciddi dəyişikliyin baş vermədiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR