Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
# 18 iyul 2016 14:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Vey Jinxuanı qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov səfir V. Jinxuanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib. V. Jinxua iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə 2015-ci ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşlər və səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin həyata keçirilməsinə əsaslı töhfə vermək iqtidarında olduğu bildirilib.

E. Məmmədyarov beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfir dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsinin ölkəsinin dəyişməz və prinsipial mövqeyi olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR