“Ziraat Bankası”nın rəhbəri Azərbaycanda törəmə bankın yaradılması planına aydınlıq gətirib

“Ziraat Bankası”nın rəhbəri Azərbaycanda törəmə bankın yaradılması planına aydınlıq gətirib
# 09 dekabr 2014 07:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Ziraat Bankası”nın İdarə Heyətinin sədri Hüseyn Aydın Azərbaycanda törəmə bankın yaradılması planına aydınlıq gətirib.

APA-Economics” Türkiyənin “Hürriyyet” qəzetinə istinadən xəbər verir ki, H.Aydın “Azər-Türk Bank”dakı paylarını Azərbaycan tərəfinə satmaqla bağlı razılıq əldə olunduğunu bildirib.

Bankın Azərbaycanda ortağı olduğu halda, nə üçün törəmə bankın yaradılması barədə müraciət etdiniz sualına cavab olaraq H. Aydın bunları deyib: “Bizim “Azər-Türk Bank”da 50%-lik payımız var idi. Orta Asiya respublikaları müstəqillik əldə etdikdən sonra, o vaxt sədr Coşğun Ulusoy bütün bu ölkələrdə bank qurmuşdu. Qazaxıstanda 100% iştirak payımız ilə bizə aid bankımız var. Türkmənistan, Özbəkistan, Azərbaycanda 50-50-yə ortaq olmuşuq. Azərbaycandakı bankın texnologiyada çətinlikləri var, bazar çox yaxşı gedir, irəliləmək lazımdır. Amma bizim çox yaxşı bir inkişaf tempimiz yox idi. Birlikdə inkişaf etmək barədə oturub danışdıq, amma razılaşa bilmədik. Və dedik ki, ya alın, ya da biz alaq. Ən sonda razılaşdıq ki, olan bankı özləri alır, bizə də lisenziya verirlər”.

Qeyd edək ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə “T.C.Ziraat Bankası” A.Ş. və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı tərəfindən təsis edilib. “Azər-Türk Bank”ın səhmdarları Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniyadır (4,00%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR