Ötən il Azərbaycandan təxminən 60 min nəfər müalicə almaq üçün Təbrizə gedib

Ötən il Azərbaycandan təxminən 60 min nəfər müalicə almaq üçün Təbrizə gedib
# 29 aprel 2013 14:02 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ötən il Azərbaycandan təxminən 60 min nəfər müalicə almaq üçün Təbrizə gəlib. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Təbrizin “Behbud” xəstəxanasının rəhbəri Bəhman Zicah bildirib.

Onun sözlərinə görə, xəstələrin əksəriyyəti öd kisəsi, qara ciyər, onurğa problemləri ilə müraciət edirlər: “Biz soydaşlarımız üçün ən yaxşı şəraiti yaratmışıq, onlarla dost olmuşuq”.

Problemlərə toxunan xəstəxana rəhbəri bildirib ki, bəzən ağır xəstələr sərhəd-keçid məntəqələrdə yaranan növbələrdə vaxt itirirlər və bunun nəticəsində də onların səhhətindəki problemlər daha da ağırlaşa bilər: “Səfirliyin köməyi ilə çalışacağıq ki, sərhədlərdə müalicə almaq istəyən vətəndaşlar üçün ayrıca bir xətt yaradılsın ki, onlar sərhəd növbələrində çox vaxt itirməsinlər. Daha bir problem ondan ibarətdir ki, Təbrizdə müalicə alan şəxs öz ölkəsinə qayıdanda tələb olunan dərmanı tapa bilmir. Amma çalışırıq soydaşlarımız üçün həmişə ən yaxşı qulluq göstərək ki, onlar rahat müalicə ala bilsinlər. Bunun üçün xəstəxana yaxınlığında pansionat tipli xüsusi bina da tikilib ki, xəstələrlə birgə gələn qohumları və yaxınları orada qala bilsinlər, əlavə xərclərlə üzləşməsinlər”.

Xəstəxananın həkimi Cəvad İbani isə azərbaycanlılara tövsiyə də verib: “Azərbaycanlı dostlarımıza məsləhət verə bilərəm ki, ətli, düzlü və yağlı yeməkləri mümkün qədər az yesinlər, siqaret çəkməsinlər və spirtli içkiləri içməsinlər, göyərti və meyvələrdən çox istifadə etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR